Xəbərlər
3 oktyabr 1993-cü il: müasir dövlətçilik tariximizin dönüş nöqtəsi
Asif Əsgərov
Milli Məclisin deputatı
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələnin başlanğıcı oldu. Xalqımız böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Bu tarix müstəqilliyin ağır sınaqlardan keçdiyi bir dövrdə dövlətçiliyin qorunması, sabitliyin təmin edilməsi və ölkənin ardıcıl inkişaf yoluna çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
O dövrdə ölkədə mövcud olan siyasi qarşıdurmaların, sosial-iqtisadi çətinliklərin və təhlükəsizlik problemlərinin aradan qaldırılması əsas vəzifələrdən biri idi. Ulu Öndərin rəhbərliyi ilə ictimai-siyasi sabitliyin bərpasına, dövlət qurumlarının formalaşdırılmasına və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş tədbirlər həyata keçirildi. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması və ordu quruculuğunun sistemli şəkildə aparılması müstəqilliyin qorunması baxımından mühüm addımlar idi.
Ümummilli Lider Heydər Əliyevin uğurlu fəaliyyətində ölkənin iqtisadi müstəqilliyi amili də xüsusi yer tuturdu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji potensialının beynəlxalq əməkdaşlıq üçün geniş imkanlara çevrilməsinə şərait yaratdı. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin reallaşdırılması ölkənin enerji və nəqliyyat xəritəsində mövqeyini gücləndirdi. Bununla yanaşı, həyata keçirilən iqtisadi siyasət investisiya mühitinin formalaşdırılması və bazar iqtisadiyyatına keçidin institusional əsaslarının yaradılması istiqamətində mühüm proseslərə təkan verdi.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını güclü dövlət, milli həmrəylik, qanunun aliliyi və xalqın rifahı təşkil edirdi. Onun “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri dövlət quruculuğunun əsas istiqamətlərini ifadə edirdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının formalaşdırılmasında mühüm mərhələ oldu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hakimiyyət bölgüsü prinsipinin təsbit olunması və demokratik ənənələrin inkişafı dövlət quruculuğunun hüquqi çərçivəsini müəyyənləşdirdi.
Heydər Əliyevin dövlətçilik konsepsiyasının mühüm istiqamətlərindən biri də azərbaycançılıq ideologiyası idi. Bu məfkurə milli kimliyin, dövlətçilik düşüncəsinin və milli-mənəvi dəyərlərin qorunmasını vahid ideoloji çərçivədə birləşdirirdi. Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, milli özünüdərkin gücləndirilməsi və tarixi yaddaşın qorunması bu siyasətin mühüm istiqamətlərindən idi. Beləliklə, azərbaycançılıq yalnız ideoloji anlayış kimi deyil, həm də milli birlik və dövlətçilik amili kimi ön plana çıxdı. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Dahi Lider Heydər Əliyevin xarici siyasət kursunda Azərbaycanın milli maraqlarının qorunması və beynəlxalq əlaqələrin genişləndirilməsi əsas istiqamətlərdən biri idi. Balanslaşdırılmış xarici siyasət müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə imkan yaratdı. Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı və enerji layihələri ölkənin regional və beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə xidmət etdi.
Ulu Öndər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllini xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Azərbaycanın ərazi bütövlüyü məsələsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması, ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə diplomatik fəaliyyətin genişləndirilməsi ardıcıl xarici siyasətin mühüm tərkib hissəsinə çevrildi.
2003-cü ildə Prezident seçilən İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu yeni mərhələdə davam etdirərək ölkənin hərtərəfli inkişafına və milli maraqların təmin olunmasına yönəlmiş ardıcıl siyasət həyata keçirir. Dövlətimizin başçısının rəhbərliyi ilə sosial-iqtisadi imkanlar genişləndirildi, dövlətin müdafiə və təhlükəsizlik potensialı gücləndirildi, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndirildi. Bu siyasətin mühüm nəticələrindən biri 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması oldu. Tarixi Zəfər regionda yeni reallıqlar yaratmaqla yanaşı, uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar formalaşdırdı. Hazırda bu mərhələnin əsas istiqamətlərindən birini işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını nəzərdə tutan Böyük Qayıdış Proqramı təşkil edir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, sosial obyektlərin inşası və insanların təhlükəsiz şəraitdə öz doğma yurdlarına qayıtması Zəfərin yaratdığı yeni reallıqların praktiki nəticələrini formalaşdırır. Beləliklə, əldə edilmiş tarixi nəticələr Azərbaycanın qarşısında regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi, azad edilmiş ərazilərin davamlı inkişafının təmin olunması kimi yeni strateji vəzifələr müəyyənləşdirir.
