YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsinin dönüş nöqtəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü ilin 31 iyul tarixində imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. İşğaldan azad olunmuş hər bir şəhər və kəndimizdə görülən yenidənqurma və bərpa işləri Böyük Qayıdış Proqramının uğurlu icrasından xəbər verir. Yenidən qurulan, abadlaşdırılan kəndlərin, şəhərlərin  sakinləri mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdırlar. Qürurvericidir ki, keçmiş məcburi köçkünlər bu günlərin sevincini öz dogma yurdlarında yaşayırlar.

Torpaqlarımızın azad olunması istiqamətində ilk döyüşlərin getdiyi, düşmənin qurduğu istehkam və mövqelərin güclü olduğu ərazilərdən biri Cəbrayıl idi. Cəbrayıl ilk azad edilən şəhər oldu. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi kimi dəyərləndirilir.  Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bu müjdəni verərkən böyük qürur hissi ilə qeyd etmişdir ki, oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi: “Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi”.

Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən orden və medallar sırasında "Cəbrayılın azad olunmasına görə" medalı da xüsusi yer tutur. Medal 2020-ci il noyabrın 26-da təsis edilib. Rayonun azadlığı uğrunda igidlik göstərmiş qəhrəmanlarımız dövlət başçısı tərəfindən bu medalla mükafatlandırılıb. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. 

Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

Azad Cəbrayıl bu gün mərhələ-mərhələ sakinlərinə qovuşduğu üçün sevinclidir. Bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.  2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2974 nəfər, Horovlu kəndində 321 ailə, 1326 nəfər, Şükürbəyli kəndində 599 ailə, 2749 nəfər olmaqla cəmi 1600 ailə, 7022 nəfər məskunlaşıb.

Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir. İkinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Üçüncü yaşayış kompleksinin də ümumi sahəsi 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.

Görülən işlər davamlıdır. Böyük Qayıdış Proqramının I mərhələsində görülən işlər qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Azərbaycanın iqtisadi  imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir.