YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa hər bir müraciəti ərazilərimizin işğaldan azad edilməsi müjdəsi idi. 4 oktyabr 2020-ci il tarixdə xalqa müraciətində bu müjdəni verdi: “Əziz həmvətənlər. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”

Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.  2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi.  Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Cəbrayıl rayonu hazırda yenidən qurulur, dirçəlir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb. Rayonunun elektrik təchizatına gəldikdə isə, 2021-ci il 4 oktyabr tarixində “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. “Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək. 2025-ci il 28 oktyabr tarixində Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyulub. 2026-cı il 9 may tarixində Cəbrayıl rayonunun Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyası istifadəyə verilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyası tikilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin  orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin  isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Görülən işlərin miqyası genişdir. Bu, özünü soydaşlarımızın mərhələ-mərhələ qayıdışında özünün aydın ifadəsini tapır. Cəbrayıl şəhəri çal-çağırlı günlərini yaşayır.