Xəbərlər
YAP-ın VIII qurultayının yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilməsi qürurverici hadisədir
Zərifə Quliyeva
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri
Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Hazırda YAP regionun ən möhtəşəm uğurlarına imza atır. Otuz ildən çoxdur ki, partiyanın ölkədə keçirilən bütün seçkilərdə rəqiblərinə böyük səs çoxluğu ilə qalib gəlməsi bu siyasi təşkilatı, həm də qələbələr partiyası kimi tanıdıb. YAP-ın iqtidarda olduğu illərdə ölkəmizin qazandığı uğurlarda və qələbələrdə partiyamızın fəallarının çox böyük payı və töhfəsi var. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən partiyamız hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirərək ölkəmizin demokratik prinsiplər əsasında hərtərəfli inkişafında mühüm əhəmiyyətli işlər görmüş və hər bir Azərbaycan vətəndaşının rifahının daha da yaxşılaşdırılması yolunda bütün imkanlarından səmərəli istifadə etmişdir. Məhz bu baxımdan YAP-ın VIII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Qurultay, həm də beynəlxalq aləmin diqqət mərkəzində idi.
VIII qurultayın mühüm əhəmiyyətlərindən biri də qurultayın ilk dəfə idi ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilməsi idi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev də qurultaydakı geniş və dərin məzmunlu çıxışında bu məqamı xüsusi vurğuladı. Dövlətimizin başçısı ötən qurultaydan keçən 5 il ərzində ölkədə, həmçinin beynəxalq aləmdə baş verən hadisələrdən, Azərbaycanın bütün sahələr üzrə qazandığı uğurlardan, Ermənistanın işğalçılıq siyasətinə Azərbaycanın öz gücü ilə son qoyulmasından, bəzi beynəlxalq təşkilatların, o cümlədən ermənipərəst dövlətlərin ikiüzlü siyasətindən, həmçinin tarixi qələbəmizə qısqanclıqla yanaşan anti-Azərbaycan qüvvələrin çirkin əməllərindən söhbət açdı. Dövlətimizin başçısı qeyd etdi ki, bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki, bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində ölkəmizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər.
Prezident, YAP Sədri dərin məzmunlu çıxışında şanlı Zəfərimizdən sonra fəaliyyətimizin ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilməsindən də söhbət açdı. Qeyd etdi ki, Azərbaycanın başına gələn müsibətlərin, faciələrin əsas baiskarı AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsindən sonra başlanıldı. Yəni, baş verən cinayətlərin əsas səbəkarı bu cütlük idi. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Ulu Öndərin təşəbbüsü ilə Yeni Azərbaycan Pratiyasının təsis qurultayı qələbələrimizin başlanğıc tarixidir.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. 2003-cü ildən bu yana davam etdirilən siyasi kurs Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamıdır. Bu siyasi xətt dəyişməz olaraq qalır, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir.
Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifənin həyata keçirilməsində hərbi, siyasi, mədəni və iqtisadi sahələrdə YAP üzvlərinin böyük fəallığı olmuşdur. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. Şanlı qələbələrimizdən sonra Prezident, YAP Sədri İlham Əliyevin iştirakı ilə Ermənistanla sülh də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürləndi. Əsas vəzifələrdən biri də hərbi gücümüzün artırılması olmuşdur. Müxtəlif illərdə Ermənistanla aparılan hərbi münaqişələrdə ordumuzun qəhrəmanlığı, düşməni darmadağın etməsi bizim qüvvəmizi dünya birliyinə bəyan etdi. Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Artıq Azərbaycanla Ermənistan arasında münaqişə, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Lakin bununla arxayınlaşmamalı, istənilən hərbi təxribata cavab vermək üçün hər gün hazır olmalıyıq.
Partiyamızın Sədri öz dəyərli tövsiyələrini də verdi və qeyd etdi ki, xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Əsas vəzifələrimizdən biri də Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının fəallarının, bütün üzvlərinin bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə etdi.
