YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-lider birliyi: davamlı uğurları şərtləndirən əsas amil

Nurlan Həsənov

Milli Məclisin deputatı

Hər bir siyasi təşkilatın tarixində müəyyən mərhələlər var ki, həmin dövr yalnız keçmişə nəzər salmaqla deyil, gələcək üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə də səciyyələnir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da Azərbaycanın son illərdə keçdiyi tarixi dəyişikliklər, formalaşan yeni siyasi reallıqlar və qarşıya çıxan çağırışlar fonunda belə mərhələlərdən biri kimi qiymətləndirilir. Qurultayda vurğulanan fikirlər partiyanın qarşıdakı dövrdə fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, ölkənin inkişaf gündəliyində dövlətçilik, milli birlik və təhlükəsizlik məsələlərinin aktuallığını bir daha nümayiş etdirir.

Yeni Azərbaycan Partiyasının keçdiyi yol müasir Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsini təşkil edir. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranan partiya xalqın sabitlik, milli həmrəylik və dövlətçilik istəyinin siyasi ifadəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq təcriddən çıxarılması, iqtisadi dayaqlarının formalaşdırılması və uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi Azərbaycanın gələcək yüksəlişi üçün etibarlı zəmin yaratdı.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Müstəqilliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması, iqtisadi dayanıqlığın təmin edilməsi, hərbi potensialın artırılması və milli maraqların müdafiəsi bu siyasətin başlıca istiqamətlərini təşkil etdi. Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların inkişafına xüsusi diqqət yetirilməsi, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi Azərbaycanın imkanlarını daha da artırdı. Eyni zamanda, beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinin şaxələndirilməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ordu quruculuğunun davam etdirilməsi, müdafiə sənayesinin inkişafı da qarşıya qoyulan strateji məqsədlərin mühüm tərkib hissəsinə çevrildi. Bu ardıcıl siyasət nəticəsində Azərbaycan qarşıya qoyduğu strateji məqsədlərə mərhələli şəkildə yaxınlaşdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi: “İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik”.

2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam təmin edilməsi ölkəmiz qarşısında tamamilə yeni siyasi və strateji mərhələ açdı. Bu gün Azərbaycan beynəlxalq müstəvidə mövqeyi və nüfuzu artan, iqtisadi və hərbi imkanlarını davamlı şəkildə gücləndirən dövlət kimi çıxış edir. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar, nəqliyyat və enerji layihələrində fəal iştirakı, eləcə də müxtəlif beynəlxalq təşəbbüsləri onun regional və qlobal əhəmiyyətini daha da artırır. Bununla yanaşı, yeni reallıqlar yeni məsuliyyətlər də yaradır. Dünyada geosiyasi qarşıdurmaların və təhlükəsizlik risklərinin artdığı şəraitdə müdafiə imkanlarının daim təkmilləşdirilməsi, ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması və təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Müasir dövrdə təhlükəsizliyin mühüm istiqamətlərindən biri də ideoloji və informasiya təhlükəsizliyidir. İnternet, sosial şəbəkələr, kiber məkan və süni intellekt geniş imkanlar yaratmaqla yanaşı, saxta məlumatların yayılması, ictimai rəyə təsir göstərilməsi və müxtəlif ideoloji təxribatların həyata keçirilməsi üçün də yeni vasitələr formalaşdırır. Belə şəraitdə cəmiyyətin informasiya təsirlərinə qarşı dayanıqlığının artırılması xüsusi əhəmiyyət daşıyır. Təhsil, milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi bu baxımdan mühüm amillərdir.

VIII Qurultayda ideoloji işin müasir yanaşmalar əsasında qurulmasının vacibliyinə diqqət yetirilməsi də məhz yeni çağırışlardan irəli gəlir. Azərbaycanın əldə etdiyi tarixi nəticələr, Zəfərimiz, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin həqiqətlərinin daha geniş auditoriyaya çatdırılması üçün böyük imkanlar yaradır. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzərinə xüsusi məsuliyyət düşür. Partiya üzvləri müasir kommunikasiya imkanlarından daha səmərəli istifadə etməli, xüsusilə gənclərlə işə, onların dövlətçilik və milli dəyərlər ruhunda formalaşmasına diqqəti artırmalıdırlar.

Əldə olunan Zəfərin qorunması onun qazanılması qədər məsuliyyətli vəzifədir. Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri dövlətin siyasi, iqtisadi, hərbi və institusional gücünü daha da artırmaq, yeni çağırışlara çevik cavab verməkdir. Bu prosesdə cəmiyyətin həmrəyliyi, milli birlik və dövlət siyasətinə ictimai dəstək xüsusi əhəmiyyət daşıyır. Tarixi Zəfər ölkəmizin gələcək inkişafı üçün möhkəm əsas yaradıb. Qarşıdakı mərhələnin əsas vəzifəsi isə bu nailiyyətləri qorumaq, dövlətin gücünü daha da artırmaq, təhlükəsizliyi etibarlı şəkildə təmin etmək və Azərbaycanın qarşısında duran yeni hədəflərə inamla irəliləməkdir. Bu baxımdan Zəfər daha qüdrətli dövlət quruculuğu üçün yeni mərhələnin başlanğıcıdır.