YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Məktəblərdə vahid geyim formasının tətbiqi beynəlxalq təcrübədə geniş istifadə olunur

“Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradan orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan aktual məsələlərin müzakirə olunduğu mühüm platforma, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində barışdırıcı missiya yerinə yetirən ölkə kimi tanınır. Böyük iqtisadi potensial, fəal xarici siyasət, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik sayəsində ölkəmizdə bütün daxili risklər aradan qaldırılıb. Hazırda aktual məsələlərdən biri ideoloji təhlükəsizliyin təmin edilməsidir. İdeoloji təhlükəsizlik bir dövlətin, cəmiyyətin və ya fərdin öz mənəvi-dəyər sistemini, milli kimliyini və suverenliyini xarici və daxili dağıdıcı ideoloji təsirlərdən qorumaq qabiliyyətidir. Müasir dünyada müharibələr artıq təkcə döyüş meydanlarında deyil, həm də insanların şüurunda, informasiya məkanında aparılır. Bu səbəbdən ideoloji təhlükəsizlik milli təhlükəsizliyin ən mühüm və strateji elementlərindən biri hesab olunur. Dövlətimizin başçısı  İlham Əliyev Yeni Azərbaycan Partiyasının Vlll Qurultayında çıxışında bu çağırışı etdi ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet, kiberhücumlar, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq: “Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq.  Özü də yenə də deyirəm, təkbaşına”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, bu gün xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa cəhd edirlər: “Onlar hələ ötən əsrin əvvəllərində görkəmli ziyalılarımız, mütəfəkkirlərimiz, maarifçilərimiz tərəfindən ifşa olunan, cəmiyyətimizin inkişafı yolunda ciddi maneə kimi qiymətləndirilən dini-ideoloji təbliğat vasitəsilə xurafatı, mövhumatı azərbaycanlıların həyat tərzinə çevirməyə çalışırlar. Bu mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar.  Ardıcıl dini təbliğat, müxtəlif təsir və təzyiq metodlarından istifadə yolu ilə məzhəblərarası ziddiyyətlərin yaradılması, vətəndaşların radikal dini cərəyanlara cəlb edilməsi və digər istiqamətlər üzrə fəaliyyət də bu məqsədə xidmət edir. Bu gün bəzi qonşu ölkələrdə baş örtüsü (hicab) məsələsi süni şəkildə qabardılaraq “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə qarşı həyata keçirilən kampaniyanın başlıca aktorları da bu mərkəzlər və onların idarə etdiyi resurslardır”.

Malik Həsənov vurğulayıb ki, dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir: “Məktəbdaxili nizam-intizam və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir. Məktəblər təkcə bilik verən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir. Təhsilalanlar üçün vahid forma və təhsilverənlər üçün işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir. Bu, məktəbdaxili münasibətlərə və müəllimlərin valideynlər, şagirdlər tərəfindən qəbul edilməsinə müsbət təsir göstərir. Müəllimlərin işgüzar üslubda olması məktəbdaxili münasibətlərdə peşəkarlıq və qarşılıqlı hörmət mühitini gücləndirir. Dəyişikliklər dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın təmin edilməsinə yönəlib”.

Millət vəkili bildirib ki, məktəblərdə vahid geyim formasının  tətbiqi beynəlxalq təcrübədə geniş istifadə olunur: “Qazaxıstan Təhsil və Elm Nazirliyinin  orta təhsil müəssisələri üçün  məcburi məktəb formaları üçün tələbləri 2016-cı il fevralın 16-da  Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qırğızıstan hökumətinin təhsil müəssisələrində məktəbli formasına dair vahid tələbləri 2015-ci il sentyabrın 1-dən tətbiq edilir. Türkmənistanda dövlət ümumtəhsil müəssisələrinin fəaliyyəti haqqında əsasnamə ölkə prezidentinin 2019-cu il martın 1-də qərarı ilə təsdiqlənib. Özbəkistanda dövlət ümumi təhsil müəssisələrinin şagirdlərinin müasir məktəbli forması ilə təmin edilməsinə dair qərar 2018-ci il avqustun 15-də qəbul edilib. Tətbiq edilən yanaşma təhsil idarəçiliyi və məktəbdaxili təşkilati qaydalar çərçivəsində həyata keçirilir, məktəbdaxili nizam-intizam və təşkilati idarəetmənin gücləndirilməsinə xidmət edir”.

Malik Həsənov qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, burada dövlət-din münasibətləri yüksək səviyyədədir: “Vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunub-saxlanılmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda etiqadına, inancına və dini həyat tərzinə görə heç bir məhdudiyyət tətbiq edilmir. Azərbaycan tarixən Türk və İslam dünyasının mərkəzlərindən biri olmuş və bu gün də milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dəyərlərinə, adət-ənənələrinə böyük ehtiram göstərilir.  Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsildə məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır. Dünyəvi təhsil sistemi müxtəlif kənar ideoloji təsir imkanlarından, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan, simvolikadan, habelə milli-mənəvi dəyərlərimizə, etik normalara zidd geyim, davranış formalarından  azad olmalı və savadlı, tərbiyəli, vətənpərvər gənc nəslin formalaşmasında əsas faktorlardan biri olmalıdır. Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi dini ayrı-seçkilik deyil, təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir. Məktəb uşaqların sosial status, ailənin dini baxışları və maddi imkanlarından asılı olmayaraq, özlərini bərabər hiss etdikləri məkandır. Vahid məktəbli forması bu baxımdan sosial bərabərlik funksiyası daşıyır. Azərbaycan modeli dini etiqad azadlığının təmin edilməsi ilə milli təhlükəsizlik, ictimai asayiş və cəmiyyətin əsas dəyərlərinin qorunması arasında hüquqi tarazlığa əsaslanır”.

Millət vəkili bildirib ki, Azərbaycanın xarici siyasətində İslam həmrəyliyinin təşviqi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, islamofobiya, dini radikalizm və ekstremizmə qarşı mübarizə mühüm yer tutur: “Azərbaycan bu siyasəti ilə sübut edir ki, həm özünün milli-mənəvi, islami dəyərlərinə sadiqdir, həm də dünyada sülhün, dözümlülüyün və qarşılıqlı hörmətin tərəfdarıdır. Ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr davamlıdır. Azərbaycan İslam aləmində həmrəyliyin möhkəmlənməsi üçün fəal şəkildə birləşdirici rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında qeyd etdiyi kimi,  biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq. Buna həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır”.