YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Kamboca: fəal siyasi dialoq çoxşaxəli əməkdaşlığa təkan verir

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin canlandırılması və humanitar təmasların genişləndirilməsi baxımından diqqətəlayiq məqamlarla zəngin oldu. Səfər çərçivəsində aparılan müzakirələr tərəflərin mövcud münasibətləri daha dinamik müstəviyə keçirmək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirmək və əldə olunan siyasi anlaşmaları konkret təşəbbüslərlə möhkəmləndirmək niyyətinin göstəricisidir. Bu baxımdan, yüksək səviyyəli təmaslar iki ölkənin bir-birini daha yaxından tanıması, əməkdaşlıq imkanlarını qiymətləndirməsi və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməsi üçün mühüm platforma rolunu oynayır.

Ölkələrimiz BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəal əməkdaşlıq edir, beynəlxalq məsələlərdə bir-birinə dəstək göstərirlər. Bu platformalarda qurulan siyasi əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsinə və çoxtərəfli əməkdaşlığın inkişafına şərait yaradır. Parlamentlərarası münasibətlər də tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi əlaqələrin institusional əsaslarını gücləndirir. Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsində Kambocanın dəstəyi isə ölkəmizin Cənub-Şərqi Asiya ilə əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın müxtəlif regionlarla siyasi və diplomatik təmaslarını inkişaf etdirmək, beynəlxalq təşkilatlarda iştirak imkanlarını artırmaq və yeni tərəfdaşlıqlar qurmaq siyasətinə uyğundur.

Səfər çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından biri olub. Məsafə müasir dünyada əməkdaşlığın qarşısında ciddi maneə hesab edilməməli, məlumat çatışmazlığı isə qarşılıqlı təmasların artırılması yolu ilə aradan qaldırılmalıdır. Ticarət və investisiya sahələrində praktiki məsələləri araşdıracaq birgə işçi qrupunun yaradılması, eləcə də biznes forumunun keçirilməsi bu baxımdan mühüm addımlardır. Sahibkarların birbaşa əlaqələrinin genişləndirilməsi, bazarların və investisiya imkanlarının öyrənilməsi yeni layihələrin ortaya çıxmasına şərait yaradacaq. Sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və nəqliyyat əlaqələrinin inkişafı da qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

Azərbaycanın uğurlu dövlət idarəçiliyi təcrübəsi olan “ASAN xidmət” modelinin Kambocada maraq doğurması ölkəmizin innovativ idarəetmə həllərinin beynəlxalq səviyyədə tanıdılması baxımından diqqətəlayiqdir. Dövlət xidmətlərinin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və rəqəmsal imkanlardan geniş istifadə edilməsi Azərbaycanın bu sahədə formalaşdırdığı təcrübənin əsas xüsusiyyətlərindəndir. Kambocanın bu modelə marağı bilik və təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır. Eyni zamanda, nəqliyyat və rəqəmsal transformasiya sahələrinin müzakirə olunması əməkdaşlığın müasir texnologiyalar və innovasiyalar istiqamətində də inkişaf etdirilməsinə zəmin yaradır. Təhsil sahəsində tarixi əlaqələrin bərpası da mühüm perspektivlər vəd edir. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması ilə formalaşmış ənənənin davam etdirilməsi, qarşılıqlı təhsil imkanlarının yaradılması və tələbə mübadiləsinin təşviqi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edə bilər.

Prezident İlham Əliyevin bəyanatında mina təhlükəsi və beynəlxalq təhlükəsizlik məsələləri də qeyd edilib. Həm Azərbaycan, həm də Kamboca uzun illər ərzində mina probleminin ağır nəticələri ilə üzləşib və bu təhlükə bu gün də insanların həyatına ciddi risk yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması problemin humanitar miqyasının göstəricisidir. Bu baxımdan, mina təhlükəsinin aradan qaldırılması istiqamətində təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, mütəxəssislər üçün təlimlərin təşkili və əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Belə birgə fəaliyyət insanların təhlükəsizliyinin qorunmasına, mülki əhalinin risklər barədə məlumatlandırılmasına və mina qalıqlarının yaratdığı fəsadların azaldılmasına töhfə verəcəkdir.

Azərbaycanın xarici siyasətində beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri müstəsna yer tutur. Prezident İlham Əliyevin sülh və təhlükəsizliyin məhz bu prinsiplər əsasında təmin edilməli olduğu barədə fikirləri ölkəmizin beynəlxalq münasibətlərə yanaşmasını ifadə edir. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini davam etdirir. Böyük Qayıdış Proqramının həyata keçirilməsi, yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi sülhün real nəticələrlə möhkəmləndirilməsinə xidmət edir. Bu təcrübə təhlükəsizliyin, sabitliyin və inkişafın bir-biri ilə sıx bağlı olduğunu göstərir.

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə münasibətlərində mövcud siyasi etimadın daha geniş əməkdaşlıq gündəliyi ilə zənginləşdirilməsi baxımından əhəmiyyətlidir. Siyasi dialoqun iqtisadi, humanitar və texnoloji sahələrdə konkret təşəbbüslərlə tamamlanması iki ölkənin qarşılıqlı imkanlarından daha səmərəli istifadə etməsinə şərait yaradacaqdır. İkitərəfli təmasların intensivləşdirilməsi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və əldə olunan razılaşmaların ardıcıl həyata keçirilməsi tərəfdaşlığın əsaslarını gücləndirəcəkdir.