Xəbərlər
Ölkəmizin qarşısında yeni çağırışlar dayanır
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
“Olimpiya küçəsi 4” ünvanı üzrə ərazi partiya təşkilatında keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri Əli Məmmədov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının ölkəmizin siyasi, iqtisadi və ictimai həyatının gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, dövlət başçısının çıxışında Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərlə yanaşı, ölkəmizin qarşısında duran yeni çağırışlar və onların həlli istiqamətində əsas fəaliyyət prioritetləri də müəyyənləşdirilib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi və hərbi qüdrətinin artırılması həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələridir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Prezident İlham Əliyevin qurultaydakı çıxışında xüsusi yer tutan ideoloji təhlükəsizlik məsələsinin əhəmiyyətinə toxunub. Bildirilib ki, informasiya müharibələrinin genişləndiyi müasir dövrdə milli maraqların qorunması, cəmiyyətin yad ideoloji təsirlərdən müdafiəsi, gənclərin düzgün istiqamətləndirilməsi və onların vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi aktuallıq daşıyır.
Qeyd olunub ki, bu istiqamətdə partiya fəallarının üzərinə düşən vəzifə yalnız həyata keçirilən siyasətin təbliği ilə məhdudlaşmır. Eyni zamanda, cəmiyyətlə səmərəli ünsiyyətin qurulması, vətəndaşları düşündürən məsələlərə həssas yanaşılması və ölkəmizin reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
YAP Gənclər Birliyinin üzvü Coşqun Hidayətov isə çıxışında hər bir partiya üzvünün Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasında öz məsuliyyətini dərk etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, partiya üzvləri fəaliyyətlərini dövrün tələblərinə uyğun qurmalı və dövlətimizin inkişafına öz töhfələrini verməlidirlər.
