Xəbərlər
Ucarda VIII Qurultayın yekunlarına həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəliyini təmsil edən ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ucar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, ərazi partiya təşkilatının sədri Bəsirə Abbasova bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi yadda qalıb. Vurğulanıb ki, qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqinin ölkəmizin keçdiyi inkişaf yolunun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Azərbaycanın tərəqqi yolu əldə olunan nailiyyətlərin uzunmüddətli strateji hədəflərə əsaslanan dövlət siyasətinin, siyasi sabitliyin, iqtisadi gücün və milli həmrəyliyin nəticəsi olduğunu nümayiş etdirir. Qarşıdakı dövrdə əsas vəzifə mövcud siyasi və iqtisadi potensialı daha da gücləndirmək, dövlət təhlükəsizliyi və suverenliyini qorumaq, davamlı inkişafı təmin etməkdir.
Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, VIII Qurultayın nümayəndəsi, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağmalıyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Tacəddin Mehdizadə və Ucar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin baş kitabxanaçısı Aysel Vəzirova qurultayda müəyyənləşdirilən vəzifələr, partiyanın qarşıdakı dövrdə fəaliyyət istiqamətləri və dövlətçilik prinsiplərinin qorunmasının vacibliyi barədə fikirlərini bölüşüblər.
