Xəbərlər
Bakı ilə Vyentyan arasında etibarlı dostluq körpüsü: siyasi əlaqələr yeni mərhələyə qədəm qoyur
Zaur Muradov
YAP İsmayıllı rayon təşkilatının sədri
Oktyabrın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata birgə bəyanatlarla çıxış etdilər. Rəsmi səfər çərçivəsində keçirilən görüşlərin yekununu əks etdirən bu çıxışlar iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsini və gələcək perspektivlərini ortaya qoydu.
Etibarlı siyasi dialoq
Dövlətimizin başçısı çıxışında siyasi əlaqələrin uzun illərdir uğurla inkişaf etdiyini vurğuladı. Prezident diplomatik münasibətlərin otuz ildən çox əvvəl qurulduğunu, bu müddətdə tərəflərin çoxsaylı beynəlxalq təşkilatlarda qarşılıqlı həmrəylik və dəstək nümayiş etdirdiyini bildirdi. İlham Əliyev bu ənənənin bu gün də davam etdiyinə və gələcəkdə də qorunacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısı həmçinin Laosun Azərbaycan üçün dost ölkə olduğunu, otuz ildən artıq diplomatik əlaqələrin bunu dəfələrlə təsdiqlədiyini qeyd etdi.
Bu mövqe təsadüfi deyil. Əvvəlki illərdə də Azərbaycan Prezidenti Laos səfiri ilə görüşündə ölkələrimiz arasında BMT və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin yaxşı səviyyədə olduğunu və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulamışdı. Yəni son görüşdə səslənən fikirlər uzunmüddətli və ardıcıl siyasətin davamıdır.
Səfər zamanı “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edildi, ardınca tərəflər arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirildi. Prezident İlham Əliyev bildirdi ki, qəbul olunan Birgə Bəyanat gələcək əməkdaşlığı əhatə edir və əsas istiqamətləri müəyyənləşdirir.
İlham Əliyev səfərin ikitərəfli münasibətlərə çox müsbət təsir göstərəcəyinə əminliyini də ifadə etdi. O, həm təkbətək, həm də geniş tərkibdə keçirilmiş görüşlərdə mühüm məsələlərin geniş şəkildə müzakirə olunduğunu vurğuladı.
Siyasi əlaqələrdən iqtisadi əməkdaşlığa
Bəyanatın əsas mesajlarından biri siyasi dialoqdakı uğurun iqtisadi sahəyə də ötürülməsi istəyi idi. Prezident bu sahədə də eyni tərəqqini görmək arzusunu bildirdi. Ticarət dövriyyəsinin artırılması da daxil olmaqla, iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqların verildiyi, Bakıda keçiriləcək Azərbaycan–Laos biznes forumunun bu istiqamətdə mühüm addım olacağına ümid edildiyi qeyd olundu.
Laos Prezidenti Thonqlun Sisulit də öz çıxışında imzalanmış sənədlərin gələcək əməkdaşlıq üçün mühüm baza yaradacağını vurğuladı. Onun sözlərinə görə, Azərbaycanla ənənəvi dostluq əlaqələri yeni məzmunla zənginləşməlidir. Laos lideri ölkəmizin inkişafını yerində görməkdən məmnunluğunu bildirdi, Azərbaycan investorlarının Laosda daha fəal iştirakına ümidini ifadə etdi.
Tarixi yaddaş və insan kapitalı
İki ölkənin dostluğunun əsasında yalnız dövlətlərarası rəsmi münasibətlər deyil, insani və tarixi bağlar da dayanır. Sovet dövründə çoxsaylı laoslu mütəxəssis Azərbaycanda təhsil almış, onların bir çoxu bu gün Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə çalışaraq ölkənin inkişafına töhfə verirlər. Thonqlun Sisulitin özü də hələ 1981-ci ildə Bakıda olmuşdu və Azərbaycanın keçdiyi inkişaf yolunu böyük məmnunluqla qeyd edirdi. Bu mənada təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi, Azərbaycanda təhsil alacaq laoslu gənclərin sayının artırılması iki xalq arasında körpünü daha da möhkəmləndirəcək amildir.
Bakıda səsləndirilən bəyanatlar göstərir ki, Azərbaycan–Laos münasibətləri etimad, qarşılıqlı hörmət və beynəlxalq arenada həmrəylik üzərində qurulub. Siyasi əlaqələrin yüksək səviyyəsi indi ticarət, investisiya, təhsil və digər sahələrdə konkret nəticələrə çevrilməyə hazırdır. Qəbul edilmiş Birgə Bəyanat və planlaşdırılan biznes forumu bu yolda atılan ilk addımlardır. Əsas məqsəd isə iki dost xalqın rifahına xidmət edən, uzunmüddətli və çoxşaxəli tərəfdaşlıq qurmaqdır.
