Xəbərlər
“23 il: Milli maraqların qorunması və dövlətçilik strategiyası”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqilliyin Bərpası Günü”nün 35 illiyinə və cənab İlham Əliyevin prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş “23 il: Milli maraqların qorunması və dövlətçilik strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Veteranlar Şurasının üzvləri, məşhur “91-lər”dən Şahlar Əsgərov və Misir Mərdanov, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini Hidayət Məmmədov, Milli Məclisin deputatları Ülvi Quliyev və Göydəniz Qəhrəmanov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, eləcə də YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri, partiya fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə iştirakçılar Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət ediblər.
Daha sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
YAP Yasamal rayon təşkilatında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti məhz uzaqgörən siyasət, möhkəm siyasi iradə və milli maraqlara əsaslanan dövlətçilik strategiyası sayəsində ciddi sınaqlardan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoyub.
O vurğulayıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə, qətiyyətlə və ardıcıl olaraq davam etdirilir. Ötən 23 ilin Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq mövqelərinin gücləndirilməsi və ölkənin nüfuzunun yüksəldilməsi ilə əlamətdar olduğunu diqqətə çatdırıb.
B.Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan milli maraqlarını daim qətiyyətlə müdafiə edib, müstəqil qərarlar qəbul etmək və öz strateji hədəflərini reallaşdırmaq əzmini nümayiş etdirib. O, bu siyasi strategiyanın ən mühüm nəticələrindən birinin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğunu qeyd edib.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov Yeni Azərbaycan Partiyasının yaranması və formalaşması prosesinin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi ilə birbaşa bağlı olduğunu bildirib. O, ölkənin mürəkkəb siyasi şəraitində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ictimai-siyasi sabitliyin bərqərar olunmasında və güclü dövlətçilik təsisatlarının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
M.Mərdanov qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri kimi təhsil və elmin inkişafını, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsini xüsusi qeyd edib. Natiq müasir Azərbaycan gəncliyinin tarixi köklərinə, milli maraqlarına bağlı yetişdiyinə və gələcəkdə də dövlətçiliyimizin qorunmasına layiqli töhfələr verəcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov milli maraqların qorunması və dövlətçilik strategiyasının ölkənin təbii sərvətlərinin səmərəli idarə olunmasında, ətraf mühitin mühafizəsində və ekoloji təhlükəsizliyin təmin edilməsində də mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
V.Kərimov bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə xidmət edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji” layihələrinin müasir yanaşmaların, innovativ texnologiyaların və ekoloji prinsiplərin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazir müavini, həmçinin Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsinin ölkənin beynəlxalq nüfuzunun göstəricisi olduğunu qeyd edib. O, ekoloji siyasətin əsas məqsədinin təbii sərvətlərin qorunması, ətraf mühitin sağlamlaşdırılması və əhalinin rifahının yüksəldilməsi olduğunu bildirib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov çıxışında güclü dövlətin əsas dayaqlarından birinin sağlam cəmiyyət və müasir səhiyyə sistemi olduğunu vurğulayıb. O, ötən 23 il ərzində Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsinin, tibbi xidmətlərin təkmilləşdirilməsinin və kadr potensialının gücləndirilməsinin dövlətin sosial siyasətində mühüm yer tutduğunu bildirib.
N.Pənahov rəhbərlik etdiyi institutun yüksək ixtisaslı tibb kadrlarının hazırlanması, həkimlərin peşə biliklərinin və bacarıqlarının artırılması, eləcə də səhiyyə sisteminin inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini qeyd edib. O, əhalinin sağlamlığının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, Azərbaycan səhiyyəsinin gələcək inkişafı naminə görülən işlərin əhəmiyyətinə diqqət çəkib.
Sonra bir qrup partiya üzvünə fəxri fərman və hədiyyələr təqdim olunub. Partiya sıralarına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri verilib.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda Azərbaycan Milli Konservatoriyasının təqdimatında bədii hissə təqdim olunub.
