Xəbərlər
Azad Zəngilan: tarixi Qələbədən müasir inkişaf modelinə
XIX əsrin əvvəllərində Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra aparılan inzibati-ərazi bölgüsü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilmişdi. Sonrakı dövrlərdə bu ərazidə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bölgələri yer almışdı. 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra regionda baş verən siyasi proseslər nəticəsində tarixi Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana verilmiş, Zəngəzurun böyük hissəsi Azərbaycanın tərkibindən çıxarılmışdı. Nəticədə Zəngəzurun yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdı.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.
Millət vəkili qeyd edib ki, Zəngilan Azərbaycanın zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə və böyük iqtisadi potensiala malik rayonlarından biridir. Ərazidə tikinti daşı, qızıl, qara mərmər və əhəng xammalı kimi faydalı qazıntı yataqları mövcuddur. Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları rayonun təbii-coğrafi xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəd olan Zəngilan əlverişli coğrafi mövqeyi ilə seçilir.
Deputat vurğulayıb ki, işğaldan əvvəl Zəngilanın iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. Rayonda 29 kolxoz və sovxoz, arıçılıq təsərrüfatı, kooperativlər və kəndli-fermer təsərrüfatları fəaliyyət göstərirdi. Dəmir yolu infrastrukturu da rayonun iqtisadi həyatında mühüm yer tuturdu. Sevinc Hüseynova bildirib ki, Zəngilan sakinləri Ermənistanın hərbi təcavüzünə qarşı sonadək müqavimət göstəriblər. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün ərzində tam mühasirə şəraitində qalıb. 1993-cü il oktyabrın 25–29-da rayon əhalisi sonadək mübarizə apararaq, 235 nəfər şəhid və itkin verərək doğma yurdunu tərk etməyə məcbur olub. İnsanlar Araz çayını keçərək İran İslam Respublikasının ərazisindən Azərbaycanın müxtəlif bölgələrinə üz tutub, ölkənin 43 rayonunda müvəqqəti məskunlaşıblar. Erməni işğalı nəticəsində Zəngilanın tarixi, dini və mədəni irsinə də ciddi ziyan vurulub. XVII əsrə aid İmam Hüseyn məscidi, Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərindəki XIX əsr məscidləri dağıdılıb və vandalizmə məruz qalıb. Xanazor və Yeməzli kəndlərindəki alban dini abidələri, Məmmədbəyli kəndindəki XIV əsrə aid səkkizguşəli türbə, Ağkənd kəndindəki Ziya Baba ocağı, Bartaz kəndindəki Xanazur türbəsi və digər tarixi-memarlıq abidələri də işğal dövründə zərər görüb.
Millət vəkili diqqətə çatdırıb ki, tarixi və dini abidələrin dağıdılması yalnız maddi-mədəni irsə deyil, xalqımızın çoxəsrlik tarixinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə də zərbə vurub. Buna görə də azad edilmiş ərazilərdə tarixi abidələrin bərpası Azərbaycanın milli-mədəni irsinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sevinc Hüseynova qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Cəbrayıl rayonunda əldə edilən uğurlar Azərbaycan Ordusunun Zəngilan istiqamətində irəliləməsinə əlverişli şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyatlar genişləndirildi, oktyabrın 20-də isə Zəngilan şəhəri və rayonun bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin azad olunduğunu elan etdi. Zəngilan döyüşləri nəticəsində şəhərlə yanaşı, rayonun dörd qəsəbəsi və 49 kəndi düşmən işğalından azad edildi.
Deputat bildirib ki, Zəngilanın azad edilməsi həm hərbi-strateji, həm də geosiyasi baxımdan mühüm hadisə idi. Bu qələbə Azərbaycanın İranla dövlət sərhədinin işğal altında qalmış hissəsinin bərpasına imkan yaratdı. Sərhəd boyunca təhlükəsizliyin təmin edilməsi, mühafizə və istehkam tədbirlərinin həyata keçirilməsi istiqamətində işlərə başlanıldı. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 6974 hərbi qulluqçu bu medalla təltif olundu.
Millət vəkili vurğulayıb ki, Zəngilanın azad olunması Azərbaycan xalqının birliyinin, ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin parlaq təcəssümüdür. Bu Zəfər illərlə doğma yurd həsrəti ilə yaşayan zəngilanlıların qayıdış ümidini gerçəyə çevirdi, işğaldan azad edilmiş ərazilərin bərpası üçün yeni imkanlar açdı.
Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi milli yaddaşımızın qorunması və tarixi Zəfərimizin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin Sərəncama əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi müəyyən edilib.
Deputatın sözlərinə görə, Böyük Qayıdışa dair proqram və konsepsiyalara uyğun olaraq, Zəngilanda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Azad edilmiş ərazilərdə müasir yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi və sosial xidmətlərin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk pilot yaşayış layihəsi olan Ağalı kəndində 200 evdən ibarət müasir yaşayış məntəqəsi salınıb. Burada məktəb, uşaq bağçası, tibb məntəqəsi, məşğulluq və sahibkarlıq imkanları, eləcə də “ASAN”, “DOST” və kiçik və orta biznesə dəstək xidmətləri yaradılıb. 2022-ci ilin may ayından etibarən kəndin ilk sakinləri doğma torpaqlarına qayıtmağa başlayıblar. Ağalı kəndi müasir infrastrukturun, rəqəmsal həllərin və sosial xidmətlərin vahid sistemdə birləşdirildiyi yaşayış məntəqəsi kimi Azərbaycanın gələcəyə yönəlmiş inkişaf modelini nümayiş etdirir. Kəndin genişləndirilməsi, yeni evlərin tikilməsi və infrastruktur imkanlarının artırılması da nəzərdə tutulur.
Millət vəkili qeyd edib ki, Zəngilanın inkişafı yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Rayonun iqtisadi potensialının üzə çıxarılması, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı və yaşıl enerji imkanlarından istifadə də prioritet istiqamətlərdəndir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi prosesində Zəngilanın günəş enerjisi potensialı xüsusi əhəmiyyət kəsb edir. Sevinc Hüseynova bildirib ki, Zəngilanın coğrafi mövqeyi onun Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Hazırda rayonda həyata keçirilən yol, dəmir yolu və hava nəqliyyatı layihələri regionun iqtisadi inkişafına, ölkədaxili əlaqələrin genişlənməsinə və beynəlxalq nəqliyyat marşrutlarının inkişafına xidmət edir. Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun inşası bu baxımdan strateji əhəmiyyət daşıyır. Dəmir yolu həm işğaldan azad edilmiş ərazilərə sərnişin və yük daşımalarının təşkilinə, həm də Azərbaycanın regional nəqliyyat əlaqələrinin genişləndirilməsinə imkan yaradacaq.
Zəngilan–Horadiz avtomobil yolu da mühüm infrastruktur layihələrindəndir. Ümumi uzunluğu 124 kilometr olan yolun tikintisi üç mərhələdə həyata keçirilir. Layihə çərçivəsində suötürücü boruların, körpülərin, heyvan keçidlərinin, yolötürücü qurğuların, tunellərin və digər mühəndis obyektlərinin inşası nəzərdə tutulub. Bu yolun istifadəyə verilməsi regionda nəqliyyat əlçatanlığını artıracaq, iqtisadi və sosial əlaqələrin inkişafına təkan verəcək. Zəngilan Beynəlxalq Hava Limanının inşası da rayonun strateji mövqeyini möhkəmləndirən mühüm layihələrdən biridir. Hava limanı bölgənin nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin və logistika potensialının inkişafına töhfə verir.
Deputat vurğulayıb ki, bu layihələr sırasında Zəngəzur dəhlizi xüsusi yer tutur. Dəhlizin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təmin edilməsi, regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi və beynəlxalq daşımaların inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Zəngilanın bu marşrut üzərində yerləşməsi onun gələcəkdə regional logistika mərkəzi kimi rolunu daha da artıracaq. Zəngəzur dəhlizinin reallaşması, eyni zamanda, Azərbaycan, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında nəqliyyat əlaqələrinin genişlənməsinə, Şərqi Zəngəzur və Qərbi Zəngəzur istiqamətində iqtisadi münasibətlərin inkişafına yeni imkanlar yaradacaq. Bu layihə regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə də töhfə verə bilər.
Sevinc Hüseynova qeyd edib ki, Zəngilanda həyata keçirilən mühüm layihələrdən biri də tarixi və dini abidələrin bərpasıdır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr Azərbaycanın milli-mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunması, XIX əsrə aid məscidin dağıdılması və onun ilkin görkəminin böyük hissəsini itirməsi erməni vandalizminin bariz nümunələrindəndir. Ərazilərimiz işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası proqramı çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılıb. Tarixi məscidin konservasiyası ilə yanaşı, onun yaxınlığında yeni məscid də inşa edilib.
Deputat bildirib ki, tarixi abidələrin bərpası xalqımızın keçmişinə sahib çıxmasının, milli kimliyimizin və mənəvi dəyərlərimizin qorunmasının mühüm göstəricisidir. Eyni zamanda, Zəngilan şəhərində yeni infrastruktur və xidmət obyektlərinin yaradılması şəhərin gələcək iqtisadi həyatının formalaşmasına xidmət edir. 2026-cı il mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlinin qoyulması da bu istiqamətdə atılan addımlardan biridir.
Millət vəkili diqqətə çatdırıb ki, Zəngilanda pilot yaşayış layihəsi ilə yanaşı, müasir kənd təsərrüfatı modeli də formalaşdırılır. Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” bu baxımdan mühüm əhəmiyyət daşıyır. Layihə kənd təsərrüfatı istehsalının inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına yönəlib. Aqroparkın bütün mərhələləri başa çatdıqdan sonra kompleksdə 500 nəfərin işlə təmin olunması, layihəyə ümumilikdə 100 milyon ABŞ dolları həcmində investisiya yatırılması nəzərdə tutulur. Layihənin ikinci və üçüncü mərhələləri üzrə işlər də davam etdirilir. Kompleksin tam fəaliyyətə başlaması ilə 6 min hektar ərazidə bitkiçilik və müvafiq kənd təsərrüfatı sahələrinin inkişafı, 10 min baş cins heyvanın yetişdirilməsi üçün heyvandarlıq təsərrüfatlarının yaradılması, toxumçuluq və şitilçilik sahələrinin təşkili planlaşdırılır. Bununla yanaşı, inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsinin qurulması, tutumu 100 min ton olan anbarın inşası nəzərdə tutulur. Aqroparkın bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına olan tələbatının ödənilməsinə, yerli istehsalın genişləndirilməsinə və məhsulların xarici bazarlara çıxarılmasına töhfə verməsi gözlənilir. “Made in Qarabağ” brendi ilə məhsulların dünya bazarlarına çıxarılması üçün “Aqro Market”in yaradılması da layihənin mühüm istiqamətlərindəndir.
Sevinc Hüseynova vurğulayıb ki, belə layihələr işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının bərpası ilə yanaşı, Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionda sahibkarlığın inkişafına və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə xidmət edir. Deputat bildirib ki, Azərbaycan dövləti Zəngilanın gələcək inkişafını uzunmüddətli planlaşdırma və müasir şəhərsalma prinsipləri əsasında həyata keçirir. Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli qərarı ilə “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plan şəhərin yaşayış, sosial, iqtisadi və nəqliyyat infrastrukturunun mərhələli şəkildə qurulmasını, müasir şəhər mühitinin yaradılmasını nəzərdə tutur.
Bu gün Zəngilanda aparılan işlər dövlətimizin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. Yeni yaşayış məntəqələrinin salınması, yolların və kommunikasiyaların qurulması, təhsil və səhiyyə müəssisələrinin yaradılması, tarixi abidələrin bərpası, kənd təsərrüfatı və logistika layihələrinin icrası doğma yurdlarına qayıdacaq insanların layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir.
Sevinc Hüseynova qeyd edib ki, Zəngilanın dirçəlişi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsidir. Əminliklə demək olar ki, dövlətimizin məqsədyönlü fəaliyyəti, iqtisadi imkanlarımız və xalqımızın quruculuq əzmi sayəsində Zəngilan yaxın gələcəkdə Azərbaycanın ən müasir və dinamik inkişaf edən bölgələrindən birinə çevriləcək.
20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın tarixi yaddaşını, milli birliyini və qələbə əzmini özündə birləşdirən əlamətdar gündür. Bu gün Zəngilanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilir, qəhrəman qazilərimizin fədakarlığı minnətdarlıqla xatırlanır. Zəngilanın yenidən qurulması və sakinlərinin doğma torpaqlarına qayıdışı isə Azərbaycanın tarixi Zəfərinin davamı, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür.
