YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi ədalətin təntənəsi: azad Zəngilan quruculuq və qayıdış ünvanı kimi

Asif Əsgərov

Milli Məclisin deputatı

Azərbaycan tarixində 20 oktyabr hərbi qələbənin, milli iradənin, doğma torpaqlara qayıdışın və quruculuğun təntənəsi kimi xüsusi yer tutur. Zəngilan şəhərinin işğaldan azad edildiyi həmin gün xalqımızın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin parlaq səhifələrindən biridir. Bu gün Zəngilanın timsalında azad edilmiş torpaqlarda həyatın yenidən canlanmasını, müasir infrastrukturun qurulmasını və Böyük Qayıdışın ardıcıl şəkildə həyata keçirilməsini müşahidə edirik.

1993-cü ilin oktyabrında Zəngilan rayonunun işğalı ilə nəticələnən ağır günlər əhalinin yaddaşında dərin iz buraxıb. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra 67 gün mühasirədə qalan zəngilanlılar doğma torpaqlarını sonadək müdafiə etdilər. 25-29 oktyabr 1993-cü il tarixlərində rayon əhalisi ağır sınaqlarla üzləşdi, 235 nəfər şəhid və itkin verildi. Minlərlə insan doğma yurdunu tərk edərək Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmağa məcbur oldu. Lakin illərlə davam edən ayrılıq xalqımızın Zəngilana qayıtmaq əzmini sarsıda bilmədi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Zəngilanın taleyində yeni səhifə açdı. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində qazandığı uğurlar Zəngilan rayonunun azadlığı üçün əlverişli şərait yaratdı. Oktyabrın 18-də başlanan əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri irəliləyərək mühüm yaşayış məntəqələrini nəzarətə götürdü. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan etdi. Döyüşlər nəticəsində Zəngilan şəhəri, 4 qəsəbə və 49 kənd azad olundu.

Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik işğal altında qalmış hissəsi də bərpa edildi. Bu qələbə ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıdı. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı ilə döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 6974 hərbi qulluqçunun təltif olunması qəhrəman hərbçilərimizin xidmətlərinə verilən yüksək qiymətdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edildi.

Bu gün Zəngilanın qarşısında duran əsas vəzifə qələbənin nəticələrini davamlı inkişafa çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində rayonun yaşayış məntəqələri yenidən qurulur, sosial infrastruktur yaradılır, sakinlərin doğma torpaqlarında məskunlaşması təmin edilir. 2026-cı il oktyabrın 1-dək Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Bu rəqəmlər doğma yurda qayıdışın real nəticələrini və insanların gələcəyə inamını nümayiş etdirir.

Zəngilanın dirçəlişində Ağalı ağıllı kənd layihəsi xüsusi yer tutur. Müasir texnologiyaların tətbiqi, alternativ enerji mənbələrindən istifadə, yüksək sürətli internet, elektron xidmətlər və sosial obyektlər kəndin yaşayış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Günəş panelləri, su elektrik stansiyası, enerji səmərəliliyini artıran tikinti həlləri və müasir kommunikasiya infrastrukturu Ağalını dayanıqlı yaşayış modelinə çevirir. Məktəb, uşaq bağçası, tibb məntəqəsi və məşğulluq imkanları sakinlərin rahat həyatına xidmət edir. Azad edilmiş ərazilərdə quruculuq yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır, keçmiş məcburi köçkünlər üçün müasir və əlverişli həyat mühitinin yaradılmasını da əhatə edir.

Zəngilan şəhərinin gələcək inkişafı təsdiq edilmiş Baş plan əsasında davam etdirilir. Şəhərdə ilk yaşayış kompleksinin istifadəyə verilməsi, yeni mənzillərin sakinlərin ixtiyarına təqdim olunması quruculuq işlərinin konkret nəticələrindəndir. Tarixi-mədəni irsin qorunması da diqqət mərkəzindədir. XIX əsrə aid Zəngilan şəhər məscidinin bərpası və onun yanında yeni məscidin inşası milli-mənəvi dəyərlərə ehtiramın ifadəsidir. Belə layihələr şəhərin tarixi yaddaşının qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Rayonun iqtisadi dirçəlişi nəqliyyat və istehsal infrastrukturunun inkişafı ilə sıx bağlıdır. Zəngilan Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat imkanlarını genişləndirir, Horadiz–Ağbənd dəmir yolu və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu isə yükdaşımalar və regional əlaqələr üçün yeni imkanlar yaradır. Bu layihələr Zəngilanın tranzit mövqeyini möhkəmləndirməklə yanaşı, ticarətin və sahibkarlığın genişlənməsinə də şərait yaradır.

Kənd təsərrüfatı və turizm rayonun iqtisadi potensialının reallaşdırılmasında mühüm istiqamətlərdir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi “Dost Aqropark” layihəsi heyvandarlıq, bitkiçilik və emal sahələrinin inkişafına, yeni iş yerlərinin yaradılmasına xidmət edir. Ağalı hotelinin fəaliyyəti, Zəngilan İstirahət Kompleksi və yeni hotel layihələri isə bölgənin turizm imkanlarının genişləndirilməsi üçün zəmin yaradır. Bu təşəbbüslər gələcəkdə yerli istehsalın artmasına, əhalinin məşğulluğunun yüksəlməsinə və rayonun iqtisadi həyatının canlanmasına töhfə verəcək.

20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın tarixi ədalətin bərpasına, milli birliyə və gələcəyə inamına həsr olunub. Zəngilanın timsalında bir daha aydın görünür ki, Azərbaycan üçün Zəfər yalnız torpaqların azad edilməsi ilə tamamlanmır. Əsl qələbə həmin torpaqlarda həyatın bərpası, insanların doğma yurdlarına qayıtması, iqtisadi imkanların genişlənməsi və gələcək nəsillər üçün firavan yaşayış şəraitinin yaradılması ilə möhkəmlənir. Bu gün Zəngilan keçmişin ağrılarını arxada qoyaraq sabaha inamla addımlayır, azadlığın quruculuqla tamamlandığı yeni inkişaf mərhələsini yaşayır.

DİGƏR Xəbərlər Arxiv