Xəbərlər
Ucarda YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının Ucar Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ucar Rayon Mərkəzi Xəstəxanasının İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri, ərazi partiya təşkilatının sədri Şəhla İbrahimova bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlarının formalaşdığı bir dövrə təsadüf edib.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, VIII Qurultayda Prezident İlham Əliyevin qeyd etdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yola, dövlətçilik təcrübəsinə və əldə etdiyi nailiyyətlərə yeni prizmadan nəzər salmağa imkan verir. O bildirib ki, dövlət başçısı çıxışında hərbi Zəfər, ərazi bütövlüyü və suverenliyin bərpası ilə yanaşı, müharibədən sonrakı dövrün reallıqları və qarşıda duran strateji vəzifələrə də toxunub.
Tədbirdə Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Mustafayev, VIII Qurultayın nümayəndəsi, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağmalıyeva və digər çıxış edənlər qurultayın siyasi əhəmiyyətindən, dövlətçilik ənənələrinin qorunmasından və ölkəmizin gələcək inkişaf istiqamətlərindən bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlət quruculuğunda yeni mərhələnin əsasını qoyub. Məhz həmin dövrdə dövlətçilik ənənələrinin bərpası, milli maraqlara əsaslanan inkişaf strategiyasının formalaşdırılması və ölkədə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Qeyd edilib ki, bu gün qarşıda duran əsas vəzifələr əldə olunmuş tarixi nailiyyətləri qorumaq, ölkənin sosial-iqtisadi tərəqqisini sürətləndirmək, milli təhlükəsizliyi möhkəmləndirmək və gələcək nəsillər üçün daha firavan həyat şəraiti yaratmaqdır.
