Xəbərlər
Azərbaycan dünyanın qlobal məsələlərinin müzakirə edildiyi məkana çevrilib
Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Bu gün Azərbaycan müstəqil siyasət yürüdərək, ədalət prinsiplərinə sadiqlik və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanaraq bütün tarixi sınaqlardan alnıaçıq çıxmağı bacarır və beynəlxalq münasibətlər sistemindəki yerini möhkəmləndirməkdə davam edir. Asiya ilə Avropanın kəsişməsində yerləşən ölkəmiz Avrasiya məkanında birləşdirici mərkəz olaraq getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.
Dünyanın qlobal məsələlərinin müzakirə edildiyi məkana çevrilən Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb və oktyabrın 15-də Bakı daha bir beynəlxalq tədbirə evsahibliyi edərək diqqətləri Azərbaycana yönəltdi. Ölkəmizdə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü məhz qlobal tərəfdaşlığın və tarazlaşdırılmış siyasətin növbəti təntənəsi oldu və Azərbaycanın beynəlxalq arenadakı yüksək nüfuzunun və diplomatik gücünün daha bir bariz nümunəsinə çevrildi.
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxış edərək mühüm mesajlar verdi və ölkə rəhbərinin çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasətini və regionda formalaşan yeni geosiyasi reallıqları əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Beynəlxalq hüququn prinsiplərinin ardıcıl tətbiqinin vacibliyini, eləcə də regional sülhün, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulayan ölkə rəhbərinin səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolu, beynəlxalq təşkilatların fəaliyyətinə münasibətini və gələcək əməkdaşlıq prioritetlərini geniş siyasi kontekstdə təhlil etməyə imkan və şərait yaratdı.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın formalaşdırdığı xarici siyasət kursunun geniş siyasi-strateji təqdimatı kimi qiymətləndirilməlidir. Bu çıxışın mühüm xüsusiyyəti ondan ibarətdir ki, Prezident Azərbaycanı yalnız konkret bir regionun siyasi gündəliyi çərçivəsində deyil, Asiya ilə Avropa arasında yerləşən, müxtəlif geosiyasi və iqtisadi məkanları birləşdirən aktor kimi təqdim edir. Azərbaycanın nəqliyyat, enerji, rəqəmsallaşma, humanitar və digər istiqamətlərdə həyata keçirdiyi siyasətin regional təhlükəsizliklə birbaşa əlaqələndirilməsi də məhz bu yanaşmanın tərkib hissəsidir. Prezidentin vurğuladığı kimi, Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və bu siyasətin əsasını dövlətlərin suveren bərabərliyi, daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və suverenliyə hörmət kimi prinsiplər təşkil edir. Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycanın beynəlxalq siyasətdə mövqeyi ayrı-ayrı dövlətlərə və ya siyasi bloklara münasibətdən daha çox, universal hüquqi prinsiplərin ardıcıl tətbiqinə əsaslanır.
Prezidentin çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri beynəlxalq münasibətlərdə ikili standartların və seçici yanaşmaların yolverilməzliyidir. Azərbaycanın mövqeyinə görə, beynəlxalq hüququn prinsipləri yalnız müəyyən dövlətlərə münasibətdə tətbiq edilməməli, bütün dövlətlər üçün eyni hüquqi və siyasi meyarlar mövcud olmalıdır. Prezident məhz bu kontekstdə Azərbaycanın 30 il ərzində üzləşdiyi işğal, etnik təmizləmə və məcburi köçkünlük problemini xatırlatdı.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, həmin sənədlərin uzun illər ərzində icra olunmaması beynəlxalq sistemin əsas problemlərindən birini ortaya qoydu. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətini də kəskin şəkildə mənfi qiymətləndirdi və bu mexanizmin münaqişənin həllinə deyil, faktiki olaraq onun uzun müddət dondurulmasına gətirib çıxardığını bildirdi. Azərbaycanın diplomatik mövqeyindən yanaşdıqda, burada əsas məsələ vasitəçilik mexanizmlərinin nəticəyönümlü olmasıdır. Sözün əsil mənasında 30 il ərzində danışıqların aparılması, lakin işğalın aradan qaldırılması üçün real nəticənin əldə edilməməsi Azərbaycan üçün qəbuledilməz vəziyyət yaratmışdı.
Yalnız 2020-ci il müharibəsindən sonra regiondakı geosiyasi reallıq dəyişdi. Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini hərbi-siyasi yolla bərpa etdi, 2023-cü ilin sentyabrında isə Qarabağda suverenliyini tam təmin etdi, 2023-cü ilin sentyabr hadisələri nəticəsində Azərbaycan bir sutkadan da az müddətdə Qarabağdakı Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoydu və ölkənin suverenliyi tam bərpa edildi. Bu, Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcıdır. Artıq əsas məsələ işğal faktının aradan qaldırılması deyil, postmünaqişə dövrünün dayanıqlı sülh və əməkdaşlıq müstəvisinə keçirilməsidir.
Prezidentin çıxışındakı ən mühüm siyasi tezislərdən biri “müharibə bizim seçimimiz olmayıb” fikridir. Bu fikirlər Azərbaycanın 2020-ci il müharibəsi və sonrakı proseslərə verdiyi siyasi qiymətin mahiyyətini ifadə edir. Azərbaycan öz mövqeyini müdafiə edərkən əsas arqument kimi beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və uzunmüddətli nəticəsiz diplomatik prosesləri önə çəkir. Lakin çıxışın diqqətçəkən başqa tərəfi də var: Azərbaycan hərbi qələbədən sonra intiqam siyasətinə keçmədiyini, əksinə Ermənistanla sülh təklif etdiyini bildirir. Bu yanaşma Azərbaycanın postmüharibə siyasətinin əsas siyasi mesajlarından biridir. Prezidentin ifadə etdiyi kimi, Azərbaycan döyüş meydanında öz məqsədlərinə nail olduqdan sonra artıq məğlub tərəfə zərbə endirmək yolunu seçməyib və sülh gündəliyini irəli sürüb. Eyni zamanda, sülhün kövrək olduğu və onun qorunmasına, möhkəmləndirilməsinə ehtiyac olduğu da açıq şəkildə ifadə edildi.
Azərbaycanın çoxtərəfli diplomatiyasının göstəricilərindən biri də Azərbaycanın 2024–2026-cı illər üçün AQEM sədrliyinə seçilməsinin bütün üzv dövlətlərin yekdil dəstəyi ilə baş tutmasıdır. Azərbaycan sədrliyi dövründə təşkilatın institusional gücləndirilməsi, əlaqələndirmə və nəqliyyat, rəqəmsallaşma, davamlı inkişaf, ətraf mühit, turizm, təhsil və elm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini prioritet elan etmişdi. Azərbaycanın sədrliyi dövründə Qadınlar Şurası, Maliyyə Sammiti, universitetlər arasında əməkdaşlıq şəbəkəsi və digər institusional təşəbbüslər gündəmə gətirilib. Təşkilatın katibliyinin gücləndirilməsi də prioritetlər sırasında olub. Bu baxımdan Bakıda keçirilən 7-ci Zirvə Görüşü yalnız növbəti beynəlxalq tədbir deyil. Bu, Azərbaycanın ikiillik sədrliyinin siyasi nəticələrinin təqdim olunduğu mühüm platformadır.
Laosun AQEM-ə yeni üzv kimi qəbul edilməsi də əlamətdar məqamlardan biridir. Bu qərarın məhz Bakı Zirvəsində qəbul olunması təşkilatın genişlənməsinin və inklüziv dialoq platforması kimi inkişafının göstəricisidir. Azərbaycanın son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ayrıca siyasi əhəmiyyət daşıyır. AQEM Zirvəsi ilə yanaşı, ölkənin müxtəlif qlobal və regional tədbirlər üçün platformaya çevrilməsi Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunu nümayiş etdirir. Bu, sadəcə tədbir keçirmək məsələsi deyil. Beynəlxalq toplantılara ev sahibliyi edən dövlət eyni zamanda müxtəlif siyasi mövqelərin Bakıda təmas qurmasına, dialoq aparmasına və ortaq gündəlik formalaşdırmasına şərait yaradır. AQEM-in 28 üzv dövlətini bir araya gətirməsi və Asiya məkanının böyük hissəsini əhatə etməsi təşkilatın potensialını daha da artırır.
Bir sözlə, dünyanın qlobal məsələlərinin müzakirə edildiyi məkana çevrilən Azərbaycan artıq yalnız öz təhlükəsizlik məsələlərini gündəmə gətirən dövlət deyil, regional bağlantılar, enerji və nəqliyyat təhlükəsizliyi, rəqəmsallaşma, davamlı inkişaf və çoxtərəfli diplomatiya istiqamətlərində təşəbbüslər irəli sürən dövlətdir.
