YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərin və dirçəlişin təntənəsi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində  Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilib.

Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı  təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Zəngilan rayonu genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış Proqramı çərçivəsində  çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə  234 ailənin,  1017 nəfərin məskunlaşması təmin olunub. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.  “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq  kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.

Tarixi Zəfərimizdən ötən 6 ildə görülən işlərin miqyası olduqca genişdir. Ümumilikdə 48 şəhər, kənd və qəsəbənin sakinlərinə qovuşması azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Bu mühüm məqamı da qeyd edək ki, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Rayon  nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.  Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Dəmir yolu xətti üzrə birinci mərhələnin böyük hissəsi tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 126.3 kilometrdir. Yolun illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

Zəngilan şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edən şəhərlərimizdəndir. Zəngilan şəhərinin 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi bunun bariz nümunəsidir.