YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilan Şəhəri Günü: Zəfərin, yenidənqurmanın və intibahın təcəssümü

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

20 oktyabr Azərbaycanın müasir tarixinə həkk olunmuş ən şanlı və qürurverici səhifələrdən biridir. Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühüm halqalarından biri olan Zəngilan şəhərinin işğaldan azad edilməsi milli dövlətçilik tariximizin parlaq qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 oktyabr tarixinin "Zəngilan Şəhəri Günü" kimi təsis edilməsi bu qədim diyarın strateji, tarixi və mənəvi əhəmiyyətinə verilən yüksək qiymətin təzahürüdür.

1993-cü il oktyabrın 29-da erməni qəsbkarları tərəfindən işğal edilən Zəngilan rayonu uzun illər ərzində dağıntılara, ekoloji terrora və vandalizmə məruz qalmışdı. Lakin 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ədaləti bərpa etdi.

44 günlük Vətən müharibəsi gedişində cənub cəbhəsində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və rayonun bir sıra yaşayış məntəqələri işğaldan azad olundu. Zəngilanın azad edilməsi Azərbaycan–Ermənistan dövlət sərhədinin bərpası, eyni zamanda strateji baxımdan Zəngəzur dəhlizi istiqamətində mühüm irəliləyişin təmin olunması demək idi.

Zəngilan təkcə hərbi qələbənin deyil, həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng bərpa və quruculuq işlərinin flaqmanıdır. Məhz Zəngilanın Ağalı kəndi Böyük Qayıdış proqramının ilk addımı olmuş, burada müasir standartlara cavab verən "Ağıllı kənd" layihəsi reallaşdırılmışdır.

Kənddə tətbiq olunan "yaşıl texnologiyalar", bərpa olunan enerji mənbələri (günəş və su enerjisi), avtomatlaşdırılmış idarəetmə və "Ağıllı kənd təsərrüfatı" sistemləri bölgənin gələcək inkişaf modelini müəyyən edir. Sakinlərin yüksək həyat standartlarını təmin etmək üçün təhsil, səhiyyə, poçt, dövlət xidmətləri və rəqəmsal rabitə infrastrukturu sıfırdan qurulmuşdur.

Zəngilan bu gün regionun əsas nəqliyyat və loqistika mərkəzlərindən birinə çevrilir. Qısa müddətdə inşası başa çatan və istifadəyə verilən Zəngilan hava limanı bölgənin beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyasını təmin etməklə yanaşı, turizm və iqtisadi potensialı dəfələrlə artırır. Zəngilandan keçən avtomobil və dəmir yolları Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək strateji xəttin əsasını təşkil edir. Uzun illər işğal altında qalan və çirklənməyə məruz qalan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası, nadir çinar meşələrinin qorunması və zəngin biomüxtəlifliyin yenidən dirçəldilməsi istiqamətində layihələr ardıcıl davam etdirilir.

Zəngilan şəhəri dirçəlişin və müasirliyin rəmzidir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü sadəcə təqvimdəki hər hansı bir tarix deyil. Bu gün keçmişin nisgilini gələcəyin böyük ümidlərinə çevirən milli qürur günüdür. Dağıdılmış şəhərin yerində bu gün ən müasir şəhərsalma prinsiplərinə uyğun, "yaşıl və rəqəmsal" konsepsiya əsasında yeni Zəngilan ucalır. Zəngilana qayıdan həyat Azərbaycan halqasının nə qədər sarsılmaz, dövlətimizin iqtisadi və siyasi gücünün nə qədər qüdrətli olduğunun əyani sübutudur.