Xəbərlər
“Sənə Qələbə yaraşır, Azərbaycan əsgəri!”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı “Konstitusiya və Suverenlik” ili çərçivəsində Masallı Onbirillik Uşaq İncəsəbət məktəbində “Sənə Qələbə yaraşır, Azərbaycan əsgəri!” mövzusunda qazilərin və müharibə veteranlarının da iştirakı ilə tədbir keçirib.
Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı möhtəşəm Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vurğulayıb ki, Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlətimizin və xalqımızın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. İkinci Qarabağ müharibəsi xalqın uzun illər itirilmiş inam hissini özünə qaytardı. Bu qələbə hər bir vətəndaşın həyatında dönüş nöqtəsinə çevrildi”.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Masallı nümayəndəliyi ərazi partiya təşkilatının sədri Ceyhun Bəşirov qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi Zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Masallı şöbəsinin sədri Nahid Rəhimov, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Vətən müharibəsi iştirakçısı, qazi Talıb Qəzənfərli və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs ediblər.