Xəbərlər
YAP Xətai rayon təşkilatında bir qrup partiya fəalı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir qrup partiya fəalı ilə görüş keçirilib.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının, bu siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, qarşıya qoyulmuş məqsədlərin öhdəsindən layiqincə gələn Azərbaycan gəncləri dövlətimizin və xalqımızın etimadını doğruldaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazıblar.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlərdən danışıb, Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədləri, prinsipləri və istiqamətləri haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, qəbul edilən qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verir.
YAP Xətai rayon təşkilatının məsləhətçisi Fidan Əliyeva, partiya fəalları Bahar Məmmədova, Aytac Axundova, Cahan Bayramlı, Zümrüd Əliyeva çıxışlarında vurğulayıblar ki, hər bir ölkənin gələcəyini, inkişafını, sürətlə dəyişən dünyada özünə layiqli yer tutmasını şərtləndirən amillər sırasında gənclərin xüsusi rolu var. Gənclərin yüksək səviyyəli təhsil almalarının, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakının vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə YAP Xətai rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.
Sonda xatirə şəkili çəkdirilib.