Xəbərlər
Münasibətlərin inkişafında mühüm mərhələ

"Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsi baxımından vacib müzakirələrin aparılması ilə yadda qaldı. Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev çıxışında vacib məqamlara toxundu, mühüm mesajlar səsləndirdi. Ölkəmizin başçısı Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafından məmnunluqla bəhs edib və iki ölkə arasında etibarlı strateji tərəfdaşlığın olduğunu qeyd edib."
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin də ölkəmizin başçısı tərəfindən Zirvə görüşündə bir daha diqqətə çatdırıldığını söyləyib: “Məhz bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşün Budapeştdə təşkili olduqca önəmlidir. Eyni zamanda bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla vurğulanıb. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Eyni zamanda bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Bütün bunlar isə təşkilata üzv ölkələr üçün mühüm imkanlar açmış olacaq. Azərbaycanın türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı da güclənir. Sözsüz ki, Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamənin əhəmiyyəti olduqca böyükdür. Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanan 71 bəndlik Bəyannamədə türk xalqlarının tarix boyu dünya sivilizasiyasına vermiş olduğu mühüm töhfələri qeyd edilib. Bu mənada TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqlənib”.
Təftiş Komissiyasının sədri “Türk Dünyası Xartiyası”nın imzalanması, TDT-nin İşçi Qrupunun yaradılmasının da əhəmiyyətli addım olduğunu söyləyib: “Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilib. Türk İnvestisiya Fondunun və Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində Azərbaycanın həyata keçirdiyi təşəbbüslər yüksək səviyyədə xarakterizə olunub. Bu xüsusda Təşkilatın üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi də mühüm uğur kimi dəyərləndirilir. Həmçinin üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacibliyi olduqca önəmlidir. Bu istiqamətdə mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək onun Təşkilat çərçivəsində qeyd olunması barədə tapşırıq verilib. Sözsüz ki, Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilib”.
Sevinc Hüseynova təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfransın keçirilməsinin tarixi əhəmiyyəti də Zirvə toplantısında bir daha gündəmə gətirildiyini söyləyib: “Azərbaycan cəmi 11 ay müddətinə qlobal əhəmiyyətli tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməklə və uğurlu nəticələrin əldə olunması ilə tarixə düşdü. Bu sözüz ki, olduqca böyük və tarixi nəticə idi. 197 ölkədən 77 min iştirakçının qatıldığı COP29 öz tarixində Azərbaycan müstəsnalığı ilə seçildi. Konfransda 70 dövlət və hökumət başçısının iştirakı ilə Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Beləliklə, Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Ölkəmizin başçısı da Zirvə toplantısında vurğuladığı kimi COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması da tarixi hadisə kimi yaddaşlara həkk olunub”.