Xəbərlər
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram. İsrail xalqı ölkələrimiz arasındakı dostluq münasibətlərini qeyd etməkdə mənə qoşulur.
Həm İsrail, həm də regionumuz üçün sabitlik mayakı olan Azərbaycanla strateji tərəfdaşlığımız Yerusəlimdə yüksək qiymətləndirilir. Siz regional sülhün əldə olunmasında səylər göstərməyi prioritet müəyyən etmisiniz, bu da Azərbaycanın dialoq və diplomatiya üçün mühüm platformaya çevrilməsinə səbəb olub.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi tərəqqinin və rifahın parlaq nümunəsinə çevrilib. Ölkəniz dini tolerantlığın və anlaşmanın gözəl modeli hesab olunur və burada cəmiyyətin bütün təbəqələri harmoniya içərisində yaşayırlar. Həqiqətən də antisemitizmin bütün dünyada yayıldığı bir dövrdə Azərbaycan harmoniya içərisində birgəyaşayışın parlaq nümunəsidir.
Xanım Mixalın və mənim gözəl ölkənizə səfərimiz zamanı keçirdiyimiz görüşləri həmişə xatırlayacağam və mən prezidentlik dövrümdə ikitərəfli əlaqələrimizi daha da genişləndirmək üçün möhkəm dostluq təməlimizi inkişaf etdirməkdə çalışmağa sadiqəm. Təhlükəsizlik, innovasiya, enerji və ticarət kimi çox əhəmiyyətli sahələr də daxil olmaqla, ortaq məqsədlərimizə nail olmaq üçün imkanlar çoxdur.
“Konstitusiya və Suverenlik İli”ni qeyd etdiyiniz bir vaxtda, bilin ki, İsrail Dövləti uğurlarınıza və nailiyyətlərinizə sevinir.
Bir daha bu əlamətdar gündə səmimi təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı əmin-amanlıq, firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram".
Həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.
Sizə və dost Azərbaycan Respublikasının bütün xalqına ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə inkişaf yolunda ardıcıl şəkildə və qətiyyətlə irəliləyir, ölkənizin beynəlxalq aləmdəki nüfuzu möhkəmlənir.
Tacikistan və Azərbaycanı dostluq və qarşılıqlı hörmətə əsaslanan tarixi ənənələr birləşdirir.
Tacikistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli və ardıcıl inkişafı ölkəmizin xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Əminliyimi bildirirəm ki, birgə səylərimiz sayəsində ölkələrimizin malik olduğu böyük potensialdan istifadə etməklə dövlətlərarası münasibətlərimizi bundan sonra da möhkəmləndirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar, dost və qardaş Azərbaycan xalqına isə davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram".