Xəbərlər
Bakı-Ankara-İslamabad birliyi ölkələrimizin nüfuzunu və gücünü daha da artırır

Nigar Məmmədova
Milli Məclisin deputatı
Azərbaycan və Türkiyə liderlərinin Laçın beynəlxalq hava limanının açılışında birgə iştirakının, eyni zamanda Laçında Pakistan baş nazirinin də iştirakı ilə Liderlərin üçtərəfli zirvə görüşünün keçirilməsinin rəmzi və tarixi əhəmiyyəti var. Azərbaycanın Müstəqillik Günündə qardaş Türkiyə lideri və 30 il təmənna olmadan Ermənistanı işğalçı kimi tanıyan Pakistan baş nazirinin Şərqi Zəngəzura səfəri təsadüfi deyil. Bu, qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini təsdiqləyir. Ümumiyyətlə, son illərin təcrübəsi də göstərir ki, Bakı-Ankara-İslamabad birliyi ölkələrimizin nüfuzunu və gücünü daha da artırır.
Budəfə yüksək səviyyəli görüşlər üçün Laçının seçilməsinə gəlincə, öncə onu qeyd etməliyik ki, Laçın Azərbaycanın keçid qapılarındandır və normal şərtlərdə, qonşu ölkəyə açılan ticarət qapısı ola bilərdi. Amma təəssüf ki, 1992-ci ilin mayında Laçın ağır işğal dövrü yaşadı və uzun müddət işğalın simvoluna çevrildi. 44 günlük Vətən müharibəsindən sonra isə azğın düşmən buradan silah-sursatın daşınması üçün dəhliz kimi istifadə etdi və Azərbaycana qarşı “humanitar böhtan” kampaniyasına başlandı. Məsələ burasındadır ki, Xankəndiyə təşkil edilən qanunsuz səfərlər də Laçın vasitəsilə edilirdi. Ermənilər ciddi cəhdlə “dəhliz” adı ilə Laçının tam azad olunmasına mane olmağa çalışırdı. Amma Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi və prinsipiallığı Laçının azad olunmasını təmin etdi.
2023-cü ilin aprelində Laçın rayonunda, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qoyulması Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlik çox uğurlu addım idi. Beləliklə, Azərbaycan öz sərhədlərinə nəzarət etməyə başladı. Eyni zamanda 2023-cü il mayın 28-də - Müstəqillik Günündə Cənab Prezident birinci qrup Laçın sakinlərinə evlərin açarlarını təqdim etdi. Dövlət başçımız da bəyan etmişdi ki, “bu görüşü məhz 28 may tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün Müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.”
Beləliklə, qalib ölkə kimi Azərbaycan builki Müstəqillik Gününün sevincini qardaş ölkələr - zamanın sınağından çıxmış Türkiyə və Pakistan liderləri ilə bölüşdü. Laçında Azərbaycan-Türkiyə-Pakistan liderlərinin zirvə görüşündə çox vacib mesajlar verildi. Ölkələrimiz Müstəqillik Günündə üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədi. Ən əsas məsələ, “dövlət başçımızın da söylədiyi kimi azad edilmiş Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.”
Laçında Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxış zamanı da dövlət başçımız bəyan etdi ki, “Türkiyə və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir.”