YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşa Respublikasının Prezidenti Andjey Duda və Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası və Polşa xalqı adından, həmçinin öz adımdan Sizə, ölkənizə və onun bütün vətəndaşlarına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Şadam ki, Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında çox yaxşı və mehriban ikitərəfli münasibətlər son illərdə geniş vüsət alıb.

Keçən il COP29 iqlim konfransında Bakıda olmağımı və Sizinlə şəxsi görüşümüzü məmnunluqla xatırlayıram. Belə böyük bir tədbirin uğurla keçirilməsi Azərbaycanın dinamik şəkildə artan imkanlarının və əhəmiyyətinin ən gözəl nümunəsidir.

Polşa Azərbaycanı Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi qəbul edir və biz Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Mən qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində və onun ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə yüksəldilməsində xüsusilə maraqlıyam. Bundan əlavə, Polşanın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı formatında ölkələrimiz üçün faydalı əməkdaşlığın bütün sahələrinin daha da inkişafına daim hazır olduğuna Sizi əmin etmək istəyirəm.

Sizə cansağlığı, ölkənizin hərtərəfli inkişafında bol-bol uğurlar, Azərbaycan Respublikasının bütün sakinlərinə firavanlıq və əmin-amanlıq arzulayıram".

Həmçinin Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

Mən şadam ki, son illər ölkələrimiz qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan geniş əməkdaşlığı inkişaf etdiriblər. Macarıstan üçün Azərbaycanla dostluq münasibətlərinin dərinləşməsi mühüm əhəmiyyət kəsb edir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız möhkəm təməl yaradır.

Sizi əmin edə bilərəm ki, Macarıstan siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqdir.

Xahiş edirəm, dərin ehtiramımı qəbul edin".