Xəbərlər
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Zati-aliləri, əziz dost.
Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Çoxəsrlik dövlətçilik ənənəsini davam etdirən və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını qeyd edən bu əlamətdar tarix Azərbaycan xalqının müstəqilliyini, suverenliyini, sabit və firavan gələcək qurmaq əzmini simvolizə edir. Əminəm ki, Sizin rəhbərliyinizlə ölkəniz bundan sonra da inkişaf edəcək, həmçinin regionda və onun hüdudlarından kənarda sülhə və əməkdaşlığa töhfə verəcəkdir.
İnanıram ki, xalqlarımız arasında dostluq münasibətləri ümumi maraq doğuran bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verməklə ortaq mənafelərimizin inkişafına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram".
Həmçinin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Zati-aliləri.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına gürcü xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün Azərbaycan xalqının milli qürurunun, mətanətinin və əzmkarlığının qüdrətli rəmzidir.
Azərbaycan öz tarixi boyu güclü, müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib.
Gürcüstanda biz xalqlarımızı birləşdirən nümunəvi dostluğu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Ölkələrimiz qarşılıqlı hörməti və gələcəyə ümumi baxışı rəhbər tutaraq ardıcıl şəkildə həmrəydirlər.
Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır. Əminəm ki, sıx əməkdaşlığımız sayəsində biz Cənubi Qafqazda davamlı sülhə və sabitliyə mühüm töhfə verə bilərik.
Mən Sizi yaxın gələcəkdə Tbilisidə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm.
Bu mühüm bayram münasibətilə Sizə və Azərbaycan xalqına bir daha ən səmimi təbriklərimi çatdırır, sülh, firavanlıq və davamlı uğurlar arzulayıram".