Xəbərlər
YAP Nərimanov rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində fəal gənclər ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə edilən şanlı zəfərlər nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmaqla yanaşı, həm də Konstitusiyada əks olunan prinsip və dəyərlər reallıqda təsdiqə çevrilib.
Tədbirdə çıxış edən rayon təşkilatının əməkdaşı Nərminə Qədirova ölkədə milli maraqların qorunmasında, eləcə də informasiya müharibəsində əldə olunan qələbələrdə gənclərin fəal rolundan bəhs edib.
Tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, YAP Nərimanov rayon təşkilatının “T.Şıxəliyev küçəsi 13”, “A.Heydərov küçəsi 26”, “H.Məmmədov küçəsi 11”, “S.Rəhman küçəsi 34”, “Təbriz küçəsi 47”, “Təbriz küçəsi 19” ünvanları üzrə ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər də keçirilib.