Xəbərlər
Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində şanlı tarix yazan rəşadətli Ordumuzun inkişaf yolundan bəhs etmək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün böyük qürurdur. Azərbaycanın bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşan Ordusunun olması dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısının aydın mənzərəsini yaradır. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, bu günümüz üçün gördüyü işlərdən biri də ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasıdır. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.
Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə yaşadığı uğursuzluqlar ordu qurruculuğundan da yan keçmədi. Həmin illərdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin mənfur düşmən tərəfindən işğalına səbəb oldu. O dövrün xarakterik xüsusiyyətlərindən biri orduda fərarilik hallarının geniş vüsət alması idi. Mövcud vəziyyət Azərbaycan gənclərinin hərbi xidmətdən yayınmalarına yol açmışdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Ümumilikdə Ümummilli Liderin hakimiyətinin hər iki dövründə ordu quruculuğuna diqqət və qayğı prioritet olub. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra C.Naxçıvanski adına hərbi lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.
“Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” söyləyən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilənin imzalanması ölkəmizdə sabitliyin təmin edilməsi fonunda bütün sahələrin inkişafı istiqamətində əhəmiyyətli addımlara yol açdı. Qısa müddətdən sonra Ümummilli Lider bu tezisi böyük əminliklə qeyd etdi ki, Azərbaycanın milli təhlükəsizliyini, əmin-amanlığımızı təmin edən, sərhədlərini qoruyan, ərazi bütövlüyünü, torpaqlarını müdafiə edən, ən əsası işğal altında olan ərazilərimizi azad etməyə qadir Ordusu var. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı əsasında Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün-26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və dövlət bayramı kimi qeyd edilməsi bu sahəyə diqqətin, qayğının göstəricisi olmaqla yanaşı, hər il bu tarixdə ordu quruculuğu sahəsində görülən işlərin hesabatı oldu. Artıq sonrakı illərdə Ümummilli Liderin Fərman və Sərəncamları hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin önəmini bir daha açıqladı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 21 ildən artıq dövrdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-2020-ci illərdə bütün fəaliyyəti torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Azərbaycan bütün sahələrdə gücləndi, ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, beynəlxalq standartlara cavab verdiyi böyük əminliklə qeyd olundu. Azərbaycan Silahlı Qüvvələr Günündə təşkil olunan hərbi paradlar, ölkəmizdə keçirilən Beynəlxalq Müdafiə Sərgiləri ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirir.
Əvvəldə də böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz bütün uğurlarımızın zirvəsi oldu. Şanlı Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Azərbaycanın müstəqillik tarixinin Zəfər səhifələri daha da zənginləşir. 44 gündə 30 ilin işğalına son qoyuldu. 44 günün hər günü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazıldı. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik kimi dəyərləndirilir və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.