YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“8 Noyabr” stansiyası – enerji təhlükəsizliyinə töhfə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycanda energetika sahəsi getdikcə daha sürətlə inkişaf edir. Bu baxımdan  İyunun 24-də  Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji sektoruna  əlamətdar hadisə  kimi yazıldı. Ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib. Azərbaycanın energetika sektorunda son illərdə əldə etdiyi nailiyyətlərin növbəti zirvəsi olan bu stansiya həm texniki göstəricilərinə, həm də geosiyasi əhəmiyyətinə görə ölkəmizin enerji strategiyasında mühüm rol oynayacaq. Bu hadisə təkcə iqtisadi yox, həm də siyasi və tarixi simvolikaya malikdir.

Prezident İlham Əliyev stansiyanın açılış mərasimindəki çıxışında bu məqama toxunaraq qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır.

Azərbaycanın regionda enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yürüdən dövlət kimi çıxış etməsinin əsasları müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində formalaşdırdığı enerji strategiyasına əsaslanır. Ölkəmizin bir əsrdən artıq tarixə malik elektroenergetika sisteminin sürətli inkişaf dövrü Ümummilli Liderin sovet Azərbaycanına rəhbərlik illərinə təsadüf edir. Məhz həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Qafqazda ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası inşa olunmuşdur.

Layihənin reallaşmasında İtaliya və Çin kimi strateji tərəfdaş ölkələrlə əməkdaşlıq isə Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin nəticəsidir. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.

Azərbaycanın enerji resursları ilə zəngin olmasına və dünyada ənənəvi enerjinin əsas ixracatçısı kimi tanınmasına baxmayaraq, bu gün ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və istifadəsi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin prioritet hədəflərindən biri də Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və gücləndirilməsindən ibarətdir. Bu siyasət beynəlxalq özəl şirkətlərin qarşıya qoyulmuş çağırışlarda iştirakını yüksək dəyərləndirir və Azərbaycan hökumətinin bu kimi investorlarla yaxından əməkdaşlığını ortaya qoyur. Bu gün Azərbaycanın enerji təhlükəsizliyi siyasəti uğurla inkişaf edir. Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi enerji təhlükəsizliyi sahəsinə də göstərdiyi xüsusi qayğı və diqqəti nəticəsində Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Heç şübhəsiz bu gün yüksək səviyyəli uğurların əldə olunması və inkişaf etdirilməsinin əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı zəfərlər təşkil edir.