YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərpaolunan enerji prioritetə çevrilir

Elçin Quliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış ediblər. Bu açılış mərasimi ölkəmizin enerji potensialı ilə yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı olub.

“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.

Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyasına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. “Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik” söyləyən Prezident İlham Əliyev onu da əlavə edib ki, Azərbaycan bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.

“8 Noyabr” – Azərbaycanın Zəfər Günü, Şuşanın işğaldan azad olunduğu tarixdir. Bu layihəyə bu adın verilməsi həm də Qarabağ Zəfərinin və milli birliyin rəmzidir. Son 20 ildə Azərbaycanın energetika sistemi köklü şəkildə yenilənib. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu. 2020-ci il iyununda burada stansiyaya yeni həyat verildi. Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. “8 Noyabr” layihəsinin qısa müddətdə icra edilməsi rekord nəticədir.

Artıq regional enerji təhlükəsizliyində Azərbaycan mühüm aktora çevrilib. Ölkəmiz Gürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Köhnə istilik stansiyalarının modernləşdirilməsi, müasir idarəetmə sistemlərinin tətbiqi enerji istehsalında effektivliyi və şəffaflığı artırıb. Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpaolunan enerji layihəsi kimi tarixə düşüb.

Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməli qoyulub. Cəbrayılda isə bp şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam edir və bu layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində artıq 30-a yaxın hidroelektrik stansiya istismara verilib.

Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı enerji sistemimizin səmərəliliyi artırılacaq. Buna heç bir şübhə yoxdur. Eyni zamanda, ölkə başçımızın dediyi kimi potensial, generasiya gücümüz artacaq. Eyni zamanda, şərti yanacaq.  Sərfiyyatı kəskin aşağı düşəcək. Beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq.  Hazırda Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat olduğunu görürük.  Bu, onu deməyə əsas verir ki, biz nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq.

Beləliklə, Mingəçevir nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzinə çevriləcək. Hazırda ölkənin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. “8 Noyabr” Stansiyasının istismara verilməsi ilə generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək.

Prezident İlham Əliyev açılış mərasimində bildirib ki, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcək. Əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq.

1994-cü ildə “Əsrin müqaviləsi”nin, 2017-ci ildə isə onun davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni səhifələr yazmaqla müxtəlif dövlətlərlə strateji tərəfdaşlığa doğru yönələn yolunu uğurlarla zənginləşdirdi. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycan malik olduğu təbii resursları daim əməkdaşlığa, dostluğa yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qurulan növbəti körpünün təqdimatıdır.