YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mediamız bütün dövrlərdə öz prinsiplərinə sadiq olub

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik kimi prinsipləri fəaliyyətinin önündə saxlayan  mətbuatımız 150 ildə   keşməkeşli, eyni zamanda, şərəfli yol keçib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə mətbuat üzərində senzura aradan qaldırıldı, azad medianın  inkişafı üçün geniş imkanlar yarandı. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində davamlı addımlar atıldı. Ulu Öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması üçün mühüm addımlar atdı. Bu gün Azərbaycanın demokratiya təcrübəsinin dünyaya nümunə göstərilməsi möhkəm təmələ əsaslanan siyasətə söykənir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursu son 21 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mətbuatın dövrün tələblərinə uyğun təkmilləşməsi daim öz aktuallığını qoruyur. Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Bu baxımdan inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyan Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.

Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və lokal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Ölkəmizin iqtisadi imkanları artdıqca, digər sahələr kimi, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində də davamlı addımlar atılır. Dövlət başçısı  İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında”  Fərmanına əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.  Bu mühüm addım medianın inkişafında keyfiyyətcə  yeni mərhələnin başlandığını təsdiqlədi. 

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara uyğun olaraq  ölkəmizdə  hər bir sahəni əhatə edən köklü islahatların həyata keçirildiyi,  yeniliklərin intensiv xarakter aldığı,  mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardı. Medianın İnkişafı Agentliyi qalib ölkənin  mediasının  müasir dövrün tələblərinə uyğun  inkişafı  istiqamətində mühüm addımlar atır.

Hər zaman həqiqətlərimizin təbliğatçısı olan mətbuatımız postmüharibə dövründə də səylərini daha da artıraraq cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə yerinə yetirir. Yeni dövrün çağırışlarına uyğun olaraq təkmilləşən mətbuatımızın qarşısında yeni imkanlar açılmaqla yanaşı, yeni vəzifələr də dayanır. Birgə səylər hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün əsasdır.