Xəbərlər
Nərimanov rayonunda Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Peşə təhsili və insan kapitalı” jurnalının birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi” adlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Azərbaycan Mətbuat Şurasının icra katibinin müavini Fəridə Ağazadə, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, Təhsil TV-nin direktoru Jalə Əliyeva, Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü Rəsul Əsgərov, Azərbaycan Pedaqoji Universitetinin professoru, jurnalın redaksiya heyətinin üzvü Müseyib İlyasov və jurnalın redaksiya heyətinin üzvü Yusif Axundov çıxış edərək Milli Mətbuat Gününün Azərbaycan xalqının milli özünüdərki, maarifçilik hərəkatı və ictimai-siyasi fikrinin inkişafında mühüm yer tutduğunu söyləyiblər. Qeyd olunub ki, Azərbaycan mətbuatının əsası 1875-ci ilin 22 iyulunda böyük maarifçi, publisist və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub. "1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar informasiya azadlığının təmin olunmasında mühüm rol oynayır. 1998-ci ildə ölkədə senzuranın ləğvi demokratik inkişafa mühüm töhfə verib".
Sonda bir qrup jurnalist diplom və fəxri fərmanla təltif olunub.