Xəbərlər
Nizami rayonunda gənclər üçün yay məktəbinin bağlanış mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının könüllüləri və gəncləri üçün təşkil olunan yay məktəbinin bağlanış mərasimi keçirilib.
YAP Nizami rayon təşkilatının qərargahında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra 6 gün davam edən yay məktəbi ilə bağlı videoçarx nümayiş olunub.
Bağlanış mərasimində YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Bildirilib ki, gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək və onların asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən yay məktəbləri Prezident, YAP Sədri İlham Əliyevin cəmiyyətimizin sözügedən aktiv təbəqəsinə olan diqqət və qayğısından irəli gəlir.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası siyasi partiya olmaqla yanaşı, eyni zamanda, gənclər üçün bir inkişaf məktəbidir. Gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, milli ruhda yetişdirilməsinin ən vacib amillərdən olduğu vurğulanıb.
Çıxışlardan sonra YAP sıralarına qoşulan bir qrup gəncə üzvlük vəsiqələri verilib, yay məktəbinin iştirakçıları sertifikatlarla təltif olunub.