YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Torpaqlarımız tarixi sahibinə qovuşacağına əmin idi

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

2020-ci il oktyabrın 4-də dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin  işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, biz bütün şəhərləri bərpa edəcəyik.  Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən  tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcək.

Bu gün cəbrayıllılar, ümumilikdə  bütün Azərbaycan xalqı sevinclidir. 44 gündə torpaqlarımızın  işğaldan azad edilməsi müjdəsini aldıqca   hamı bu münasibətilə biri-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu sevinc göz yaşları idi. Xalqımız 30 il torpaq həsrəti ilə yaşadı. Ermənilərin bu ərazilərimizdə  vəhşiliklər törətmələri, evləri, tarixi və dini abidələrimizi yerlə-yeksan etmələri,  bütün izlərimizi silmək üçün cəhdlər göstərmələri hər kəsdə  mənəvi sıxıntı yaradır,  qürurumuzun, kimliyimizin bərpası gününü səbirsizliklə gözləyirdi. Torpaqlarımız 30 ilə yaxın dövrdə işğal altında olsalar da tarixi sahibinə qovuşacaqlarına tam əmin idilər. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu istəyimizə qovuşdurdu.

Azərbaycan 30 ildə sülh danışıqlarının davam etdirilməsi, müsbət nəticə verməsi istiqamətində səylər göstərdi. Qarşı tərəf havadarlarının dəstəyinə arxalanaraq danışıqlara imitasiya naminə qatıldı, yeni ərazilər uğrunda müharibə planı hazırladı.  Azərbaycan dövləti ən yüksək tribunalardan dəyişməz mövqeyimizi bəyan etdi. Bildirildi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik.

Ermənistan sülh danışıqlarına mane olmaq, vaxt qazanmaq üçün  təxribatları ilə diqqətdə olsa da dünya seyrçi mövqeyindən əl çəkmədi, bəzi dünya gücləri sonadək Ermənistana dəstəklərini davam etdirdilər. 44 gündə Ermənistan silahlı qüvvələrinin  məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının statistikası işğalçı dövlətə göstərilən dəstəklərin təqdimatında mühüm rol oynadı. Kasıb ölkənin belə böyük məbləğdə hərbi texnikaya malik olması inandırıcı görünə bilməz. Ədaləti və beynəlxalq hüququ  maraqlarına qurban verən bəzi dünya gücləri  Ermənistanın sonda belə aqibəti yaşayacağını çox yaxşı bilirdilər.  Ədalətin gec-tez zəfər çalacağı heç kimdə şübhə  yaratmırdı.  Azərbaycan bunu bir daha dünyaya sübut etdi.  Torpaqlarımız işğaldan azad edildi, Bayrağımız bu ərazilərimizdə ucaldıldı.

Dövlət başçısı İlham Əliyev 4 oktyabr 2020-ci ildə xalqa müraciətində bildirmişdir: “Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu”.

Biz haqqın, ədalətin tərəfindəyik. Xalqımızın  tarixində şərəfli anlar, qələbələr çox  olub. Onların sırasında tarixi Zəfərimizin yeri xüsusidir.   Dövlətimizin qətiyyəti, Ordumuzun qüdrəti sayəsində ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan xalqının ümidləri doğruldu. Azərbaycan haqlı tərəf, bu torpaqların sahibi olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” çağırışı  44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi.

Bu gün Cəbrayıl, bütün azad edilən torpaqlarımız bərpa-quruculuq dövrünü yaşayır. Ermənilərin 30 ildə törətdikləri dağıntıları quruculuq işləri əvəzləyir. İndi dünya azad edilmiş ərazilərimizdə görülən  işlərin fonunda  Azərbaycanın neçə illərdir necə vəhşi ilə üz-üzə dayandığını daha aydın şəkildə görür. İşğaldan azad edilmiş ərazilərimizdə ermənilər 30 ildə bir daşı daş üstə qoymayıb. Ancaq dağıntılar həmin dövrün  şahidləridir.  Tarixi və dini abidələrimizin bərpası prioritetdir. Digər torpaqlarımızda olduğu kimi,  Cəbrayılda da tarixin izini itirmək məqsədilə abidələr dağıdılıb. İşğal dövrünə qədər rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq, mağara, qəbirüstü abidələrlə zəngin olub. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Cəbrayıl həyatının yeni mərhələsini yaşayır. Cəbrayıl şəhəri sakinlərinə qovuşan şəhərlər sırasındadır.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il  oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak etdilər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Cənab İlham Əliyev çıxışında bir daha bu çağırışı etdi ki, gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz: “Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir”.