Xəbərlər
Azərbaycan Bayrağı ölkəmizin bütün ərazilərində əzəmətlə dalğalanır

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
5 il əvvəl qüdrətli Azərbaycan Ordusu təcavüzkar Ermənistanın işğalına son qoyaraq, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəsi kimi tarixə düşən bu savaşın elə ilk günündən Azərbaycan oğulları böyük igidlik, qəhrəmanlıq göstərib. Müharibənin ilk günü ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda 5 kəndi işğaldan azad etdi. Oktyabrın 4-də isə rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun daha 9 kəndi erməni işğalından azad edildi. Cəbrayıl rayonu ərazisində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir şəhər, 80 kənd erməni işğalından azad edildi. Bununla da Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi.
Dövlətimizin başçısı İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandırması böyük tarixi və siyasi əhəmiyyət kəsb etdi. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək Ermənistan ordusunun Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə istehkamlarını darmadağın etdi. Cəbrayılın işğaldan azad edilməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndləri işğaldan azad edildi və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəlilədik. Üstəlik, Zəngilan, daha sonra Qubadlı və Laçın rayonlarının cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
"Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək". Prezident İlham Əliyevin bu fikirlərinin reallaşmasının, işğaldan azad olunmuş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsinin, keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasının hər gün şahidi oluruq.1993-cü ildə işğal olunan Cəbrayılın Zəfər tariximizdə xüsusi yeri var. Böyük qayıdışımız 2016-cı ilin Aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndinin azad olunması ilə başlayıb. İkinci Qarabağ müharibəsindəki ilk uğurlarımızdan biri məhz Cəbrayıl ilə bağlıdır. Döyüşlərin birinci həftəsində şəhərin azad olunması Vətən müharibəsinin mühüm hadisəsinə çevrildi. Cəbrayıl şəhəri azadlığına qovuşduqdan sonra məlum oldu ki, şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar yerlə yeksan edilib.
Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildilib. Sözügedən sənədə əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd edilir. Bundan sonra əsrlər boyu Cəbrayıl şəhəri günü sevgi ilə qeyd olunacaq. Bu sərəncam quruculuq işlərinin tərkib hissəsidir. Bu qədim yurdumuzun Cəbrayıl şəhəri günü işığında qurulması Prezident İlham Əliyevin bu rayonun sakinlərinə olan sevgisindən xəbər verir.