YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının birliyi yeni geosiyasi mərhələdə mühüm rol oynayır

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Müasir dövrdə dünya siyasi düzəni dinamik şəkildə dəyişir, yeni güc mərkəzləri formalaşır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi əhəmiyyətə malik regional platformalardan biri kimi önə çıxır. Tarixi və mədəni bağlılıqlara əsaslanan bu birlik, eyni zamanda siyasi və iqtisadi zərurətin nəticəsi olaraq yaranmışdır. TDT yalnız ortaq tarix və mədəniyyət üzərində qurulmayıb, eyni zamanda üzv ölkələrin ortaq maraqlarını müdafiə edən və onların beynəlxalq nüfuzunu artıran strateji əməkdaşlıq və qardaşlıq birliyidir. Təşkilat bütövlükdə Avrasiya qitəsinin önəmli iqtisadi və geosiyasi potensialını özündə birləşdirir. Bu birlikdə xüsusilə Azərbaycan və Türkiyənin liderliyi daim ön planda olmuş, birgə təşəbbüslər və diplomatik aktivlik sayəsində TDT-nin beynəlxalq nüfuzunun artmasına töhfə vermişdir. TDT-nin sammitlərinin tez-tez Azərbaycanda keçirilməsi ölkəmizin bu qurum daxilindəki mövqeyinin və nüfuzunun bariz göstəricisidir. Qəbələdə keçirilmiş növbəti sammit isə bir çox aspektdən tarixi əhəmiyyət daşıyırdı. Bu görüş təkcə üzv dövlətlərin bir araya gəlməsi deyil, həm də türk dünyasının gələcək strateji planlarının müzakirəsi baxımından son dərəcə effektli alındı.

TDT-nin Qəbələ görüşü həm də onunla yadda qaldı ki, liderlər Qəbələdən dünyaya barış və sülh mesajı səsləndirməklə ədalətin və beynəlxalq münasibətlərdə gücün deyil, hüquq prinsipinin üstünlüyünü təşviq etdilər.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin məzmunlu nitqi böyük maraqla qarşılandı və çıxışda irəli sürülən əsas məqamlar TDT-nin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsi kimi tarixə düşdü.

Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı (TDT) son dövrlərdə sadəcə regional əməkdaşlıq platforması deyil, həm də qlobal əhəmiyyətə malik geosiyasi aktor kimi formalaşmaqdadır. Azərbaycan bu təşkilat çərçivəsində həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə mühüm təşəbbüslərlə çıxış edir. Ölkənin daxili sabitliyi, strateji coğrafi mövqeyi və artan iqtisadi potensialı TDT-nin ümumi gücünə mühüm töhfə verir. Azərbaycan tərəfindən təşkilatın katibliyinə edilən maddi dəstək və üzv ölkələrlə hərbi əməkdaşlıq, xüsusilə Türkiyə ilə keçirilən birgə təlimlər, təşkilat daxilində strateji birliyin möhkəmləndirilməsinə xidmət edir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası yalnız milli səviyyədə deyil, regionda ədalət və sabitliyin bərqərar olunması baxımından da əhəmiyyətli oldu.

Bundan başqa nəqliyyat və enerji sahəsində həyata keçirilən layihələr Orta Dəhliz, Zəngəzur dəhlizi və bərpaolunan enerji təşəbbüsləri Türk dünyası ölkələri arasında iqtisadi və infrastruktur baxımından əlaqələri gücləndirir. Azərbaycanın təşəbbüsləri TDT-nin mövqeyini həm regional, həm də beynəlxalq müstəvidə gücləndirir. Ortaq tarix, dil və mədəniyyətin yaratdığı bağlar üzərində qurulan bu əməkdaşlıq modeli gələcək üçün böyük perspektivlər vəd edir.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü gələcək inkişafa yeni məzmun verdi. Liderlər Qəbələdən verdikləri bəyanatlarla türk dünyasında siyasi, iqtisadi və mədəni sahələrdə möhkəm həmrəyliyin, daha sıx əməkdaşlığın və ortaq strateji məqsədlərin vacibliyini təsdiqlədi, həmçinin regional sülh və stabilliyin təmin olunmasına dair birgə iradənin möhkəmləndiyini nümayiş etdirdilər. Bunun türk dövlətlərinin birgə inkişafı və davamlı tərəqqisi üçün əhəmiyyətli rol oynayacağına şübhə yoxdur. Azərbaycan liderinin qeyd etdiyi kimi Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Çünki sülh və inkişaf TDT-nın yol xəritəsində başlıca istiqamətdir. Məhz bu amal türk dünyasını birləşdirir, onu gələcəyə doğru inamla aparır.

DİGƏR Xəbərlər Arxiv