Xəbərlər
Müasir dövrün reallıqları
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Bu il Azərbaycanın elmi ictimai həyatında çox əlamətdar bir ildir. Belə ki, noyabr ayında ölkədə ən böyük elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 yaşı tamam olur. Bu münasibətlə noyabrın 3-də Dövlət başçısı İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda iştirak edib.
Yubiley tədbirində çıxış edən ölkə başçısı İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Akademiyanın kollektivini ürəkdən təbrik edib və Akademiyanın gələcək fəaliyyətinə onlara uğurlar arzulayıb. Dövlətimizin başçısı Milli Elmlər Akademiyasının 80 il ərzində uğurlu yol keçdiyini, bu gün də ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verdiklərini, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyaların tətbiq edildiyini bildirdi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə diqqət və qayğısından danışan Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında da vurğuladı ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir.
AMEA-nın yubiley tədbirindəki çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, “Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda, bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik”.
Dövlət başçısı İlham Əliyev hazırkı dövrün çağırışları sırasında bərpaolunan enerji məenbələrinə investisiyaların yatırılmasından da bəhs etdi. Bildirdi ki, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir.
Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən mühüm elmi nailiyyətlərlə zəngin yol keçərək, respublikamızın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınıb və bu gün müasir dövrün reallıqlarına, ölkə başçısının çağırışlarına uyğun olaraq özünün çoxistiqamətli fəaliyyəti ilə yeniləşmə və islahatlar mərhələsini mühüm elmi nəticələrlə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm, təhsil və mədəniyyət sahəsində Heydər Əliyev strategiyasını, proqramını və qayğıkeşliyini ardıcıl davam etdirir.
