YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı keçirilir

İyunun 16-da Bakıda Azərbaycan Respublikası Milli Məclisinin və NATO Parlament Assambleyasının (PA) təşkilatçılığı ilə “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı işə başlamışdır. seminarın açılış sessiyasına Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov moderatorluq etmişdir.

Rouz-Rout seminarı haqda məlumat verən Ziyafət Əsgərov bildirmişdir ki, bu, Bakda keçirilən sayca üçüncü seminardır. Qeyd edilmişdir ki, ötən illər ərzində Azərbaycan ilə NATO arasında sıx əməkdaşlıq formalaşmışdır. Azərbaycan 1994-cü ildən “Sülh naminə tərəfdaşlıq” və Fərdi Tərəfdaşlıq proqramları çərçivəsində NATO ilə sıx tərəfdaşlıq edir. O, əminliklə vurğulamışdır ki, bu seminar çərçivəsində müzakirə olunacaq məsələlər, irəli sürülən təkliflər əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.

Açılış sessiyasında çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov seminarın işinə uğurlar arzulamışdır. Parlamentin sədri əmin olduğunu bildirmişdir ki, seminarda aparılacaq fikir mübadiləsi, irəli sürüləcək təkliflər Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin təmin edilməsi problemlərinin həllinə töhfəsini verəcəkdir.

İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer çıxış edərək seminarın önəmindən danışmışdır. Səfir seminarın Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Seminarda LİNKS Təhlil Mərkəzinin direktoru Denis Sammut “Cənubi Qafqaz: Dəyişkən regional və beynəlxalq təhlükəsizlik çağırışları” mövzusunda çıxış etmişdir. O, son dövrlər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusi vurğulamışdır.

Müsbət dəyişikliklərdən danışan, iqtisadi cəhətdən qüdrətli Azərbaycanın yeganə probleminin - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayan D.Sammut demişdir: “Burada əsas prinsip kimi ərazi bütövlüyü götürülməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır”.

Seminarın açılış sessiyası mövzu ətrafında müzakirələrlə davam etdirilmişdir.

Sonra NATO PA-nın prezidenti Hu Beylinin moderatorluğu ilə “Azərbaycanın xarici və təhlükəsizlik prioritetləri: Avratlantik inteqrasiya” mövzusunda birinci sessiya keçirilmişdir.

Sessiyada çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev müasir Azərbaycanın müstəqillik tarixi barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Mətyu Brayzə demişdir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə güclü mövqeyə malikdir və bir sıra mühüm layihələrə investisiyalar yatırır. Bütün neft və qaz sərmayələrini bir yerə qoysaq, Azərbaycan iqtisadi artım möcüzəsi yaratmışdır. Gələcəkdə bu investisiyalar sürətlə artacaqdır.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müzakirələrə qoşularaq BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin mətnində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı müddəaları diqqətə çatdırmışdır. O, beynəlxalq təşkilatları ikili standartlara son qoymağa çağırmışdır.

Sonra NATO PA siyasi komitəsinin sədri Joze Lellonun moderatorluğu ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” mövzusunda ikinci sessiya keçirilmişdir.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov sessiyada çıxış edərək bildirmişdir ki, Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail olmamışdır.

Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Malena Mardın moderatorluğu ilə “Azərbaycanda idarəçilik sektorunda islahatlar” mövzusunda üçüncü sessiya keçirilmişdir.

Malena Mard bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanda və digər ölkələrdə fəallığı ilə seçilir. Avropa İttifaqı bu ölkələrdə layihələrini Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində həyata keçirir.

Səfir Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluqla danışmış və bu əlaqələrin genişlənəcəyinə əminliyini bildirmişdir.

Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bütün tərəfdaşları, o cümlədən, NATO ilə əməkdaşlığın gücləndirilməsinə böyük önəm vermişdir.

Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

DİGƏR Xəbərlər Arxiv