YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə Ermənistan Prezidentinin səfərinə qarşı etiraz aksiyası keçirilib

Həmvətənlərimiz Parisin mərkəzindəki Trokadero meydanında Xocalı soyqırımının törədilməsində birbaşa əli olan və yüzlərlə günahsız azərbaycanlının qətliamına əmr verən Ermənistan Prezidenti Serj Sarkisyanın Fransaya səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları turistlərlə dolu meydanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində

və onun ətrafındakı 7 rayonda Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasətindən, Xocalı qətliamından danışıblar. Ermənistan Prezidenti Serj Sarkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.

Ermənistan Prezidentinin mətbuatda Xocalı soyqırımının törədilməsinə əmr verdiyini dəfələrlə xatırladaraq təsdiqlədiyi bildirilib. Qeyd edilib ki, S.Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Ermənistanın ərazilərimizin 20 faizini işğal etdiyi, BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət etmədiyi, doğma yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqlarını pozduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi də Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasına riayət etmədiyini dəfələrlə vurğulayıb. Belə bir vəziyyətdə insan hüquqlarının beşiyi olan Fransada Sarkisyan kimi qatillərə yer olmamalıdır. Ermənistan lobbisinin ölkəmiz əleyhinə saxta informasiyalar yayması dayandırılmalıdır.

Aksiyada iştirak edən həmvətənlərimiz bir neçə xarici dildə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır!”, “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımını tanıyaq!”, “Ermənistan torpaqlarımızı qeyri-qanuni olaraq zəbt edib”, “Ermənistan torpaqlarımızı qaytarmalıdır!”, “Ermənistan, Azərbaycan torpaqlarından çıx!”, “Yalana yox deyək!”, “Sarkisyan terroristdir!”, “ASALA terroristdir!”, “Sarkisyan diktatordur!”, “Ermənilər, yalanlara son qoyun!”, “Sarkisyan qatildir!”, “Sarkisyanın yeri məhkəmədir!” kimi şüarlar səsləndiriblər.

“Xocalı soyqırımında əli olan bir qatilin Avropaya gəlişi qəbuledilməzdir. Əgər Avropa Sarkisyana qapı açırsa, onda orada ədalətdən danışmaq olmaz. Avropadan ədalətsizliyə son qoymağı tələb edirik”, - deyə aksiya iştirakçıları bildiriliblər.

Fransız vəkil Olivye Pardo aksiyada iştirak edib və Xocalı soyqırımından danışaraq faciə zamanı insanların əməlinə görə yox, aid olduqları etnik mənşəyə görə öldürüldüklərini, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Vəkil Fransanın Xocalı soyqırımını tanıması üçün aksiya iştirakçılarını onunla bərabər mübarizə aparmağa səsləyib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin unudulmasının onların ikinci dəfə öldürülməsi demək olduğunu bildirən vəkil iştirakçıları faciə zamanı qətlə yetirilənlərin xatirəsini əbədiləşdirməyə - soyqırımının tanınmasına nail olmağa çağırıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel də aksiya iştirakçılarına qoşulub. Deputat qeyd edib ki, həqiqətlər olduğu kimi tanınmalıdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Nəticədə bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşüb və səbirsizliklə öz evlərinə qayıdacaqları günü gözləyir. O, Xocalı qətliamının 25 illiyi ilə bağlı təşkil etdiyi konfransda soyqırımı törədilən zaman 10 yaşı olan canlı şahidin çıxışından çox təsirləndiyini bildirib. Fransalı deputat Sarkisyanın müsahibəsində Xocalı soyqırımında birbaşa əli olduğunu təsdiqlədiyini bir daha xatırladıb.

Aksiya zamanı müsahibə verən vəkil Olivye Pardo Xocalı soyqırımının tanınması üçün başlatdığı petisiya barədə danışıb. O, Xocalı soyqırımında qətlə yetirilən 613 günahsız azərbaycanlının hansısa əməlinə görə yox, azərbaycanlı olduqlarına görə öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib.

Daha sonra Jan-Fransua Mansel iki əsas məsələdən - həqiqət və sülhdən bəhs edib.

Həqiqət deyəndə o, Azərbaycanın 20 faiz ərazisinin BMT–nin də göstərdiyi kimi, Ermənistan tərəfindən qeyri-qanuni işğalında və Xocalı soyqırımının törədilməsində Ermənistan Prezidenti Sarkisyanın birbaşa əlinin olduğunu bildirib. Qeyd edilib ki, Sarkisyan azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktını Tomas de Vaala müsahibəsində də təsdiqləyərək deyib: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu, çox faciəvi bir etirafdır. Düşünürəm ki, bu gün Sarkisyanı Parisdə qəbul edən fransızlar unutmamalıdırlar ki, onun əli Xocalı qurbanlarının qanına batıb.

Digər tərəfdən, biz sülhü də unutmamalıyıq. Minsk qrupunun həmsədri kimi Fransa bu iki Qafqaz xalqı arasında davamlı sülhün bərqərar olmasında böyük rol oynamalıdır. Azərbaycan əraziləri azad edilməlidir. Hər iki xalqın nümayəndələri Dağlıq Qarabağda əvvəllər olduğu kimi, yenə də birgə yaşamağı öyrənməlidirlər.

Həqiqət mesajına gəldikdə isə, Ermənistan Prezidentinin Azərbaycan ərazilərinin işğalına və Xocalı soyqırımına görə məsuliyyət daşıdığını hamı bilməlidir. Hadisələri olduğu kimi demək vacibdir. Hamımızın son məqsədi sülhdür. Bu iki xalq arasında sülh bərqərar olmalıdır. Ancaq sülh axtarışı məsuliyyəti unutmaq demək deyil.

Bugünkü aksiyanın məqsədi də məhz 613 günahsız insanın Xocalıda Prezident Sarkisyanın qəbul etdiyi qərarla ölüm dəhlizinə yönəldildiyini xatırlatmaqdır. Bunu unutmaq olmaz. Sülh, barışıq üçün hər şey edilməlidir, ancaq axıdılan qanı unutmamalıyıq.

J. F. Mansel deyib ki, o, Beynəlxalq Qadınlar Günündə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Fransa Prezidentinə məktub ünvanlamaq təşəbbüsünü alqışlayır. O bildirib: “Bu qaçqın qadınlar Fransa Prezidentinə öz doğma yurdlarına, evlərinə, valideynlərinin yaşadıqları, uşaqlarını böyütmək istədikləri məkana qayıtmaq arzularını çatdırıblar. Bu, onların fundamental hüquqlarıdır. Bu qadınların səsi eşidilməlidir, amma təəssüf ki, onların səsi kifayət qədər eşidilmir. Məhz buna görə bu gün insan hüquqları meydanına toplaşmağımız təsadüf deyil”.