YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir

“2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 52 min 500 ailənin və ya 265 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, onların sosial problemlərinin həllinə indiyədək 6,6 milyard manat vəsait xərclənib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb. Məcburi köçkünlərin sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bütün bunlar sübut edir ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.

“Bu qəbildən olan soydaşlarımıza dövlət qayğısı siyasətinin əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məsələsini dövlət siyasətinin prioritetinə çevirdi. Ulu Öndərin təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılması, onların sosial məsələlərinin həlli istiqamətində ciddi addımlar atıldı. Bu işə beynəlxalq donor təşkilatlar cəlb olundu, dövlət büdcəsindən vəsaitlər ayrıldı. Sonradan Neft Fondunda yığılan vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınmasına başlanıldı və ölkəmizin iqtisadi gücü artdıqca bu proses daha geniş vüsət aldı. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesinə özəl sektor da cəlb olunub. Bu, iş adamlarının sosial məsuliyyəti məsələsidir və onlar bu prosesə fəal qoşulublar”-deyə, komitə sədri qeyd edib.