YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Hər bir yerdə müasir menecment, müasir idarəetmə olmalıdır

Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac olub-olmadığına da mütləq baxılmalıdır. Orada bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır.

Bu barədə Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında danışıb.

Onların çox böyük su anbarları olduğunu söyləyən dövlətimizin başçısı deyib: “Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır”.

Prezident qeyd edib ki, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər.

“Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.