YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıt şəhərində şəhid Taleh Kərimovun anım mərasimi keçirilib

Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin mayoru şəhid Taleh Kərimovun anım mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının əməkdaşları və fəalları, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbəni xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli ordumuzun hərbi qulluqçularının igidlik və şücaəti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti sayəsində əldə etdiyimizi vurğulayıb.

Tahir Mirkişili qeyd edib ki, Vətən müharibəsində şəhid olmuş bütün hərbçilərimizin əziz xatirəsi hər zaman sonsuz ehtiram və minnətdarlıqla anılacaq, onların döyüş meydanında nümayiş etdirdiyi fədakarlıq və şücaət gələcək nəsillər üçün nümunə olacaq.

Qeyd edək ki, Taleh Kərimov 1985-ci il martın 6-da Sumqayıt şəhərində anadan olub. O, 1992-1995-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində 7 nömrəli tam orta məкtəbdə, 1995-2003-cü illərdə isə Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texniкi Təmayüllü "İstedad" Liseyində təhsil alıb. Ali təhsilini isə 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) "Kəşfiyyatçı" ixtisası üzrə alıb.

Azərbaycan Ordusunun mayoru olan Taleh Kərimov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Kərimov oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhid olub. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Taleh Kərimov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.