YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni yollarla yeni qələbələrə doğru

Tahir Məmmədov

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, əməkdar jurnalist

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə tarixi önəmləri ilə ölkəmizin həyatında əlamətdar hadisə olacaqdır. TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərində BMT-nin xətti ilə keçirilən beynəlxalq tədbir ölkəmizin bu təşkilata üzvlüyünün 30 illiyinə həsr edilmişdir. Şuşadan söz düşmüşkən, onu da qeyd etmək yerinə düşər ki, artıq bu tarixi şəhərdə Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti ilə genişmiqyaslı layihələr həyata keçirilir, tarixi abidələr əsaslı surətdə bərpa edilir, yeni məktəb binaları, xəstəxanalar sürətlə inşa edilir. İndi xalqımız may ayında Şuşada təntənəli şəkildə keçiriləcək “Xarıbülbül” musiqi festifalına hazırlıq görür.

İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə Azərbaycana və Ermənistana səfərlər etsələr də bütün nəticələr sıfıra bərabər olmuşdur. Münaqişə axırda yenə Azərbaycanın öz gücü və mətin iradəsi ilə həll olundu. Azərbaycanla Ermənistan arasındakı gələcək əlaqələr 5 prinsipdən ibarət olaraq Brüssel görüşündə müzakirə edildi. Hətta 30 il dönəmində ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışıqları baş tutdu. Əsasən sərhədlərin delimitasiyası ilə bağlı aprelin sonuna qədər görüləcək işlərin önəmli başlanğıcı qoyuldu.

Ümumiyyətlə götürsək, müharibənin qırx dörd gününün hər saatı, hər anı təhlil edilərək bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmasına zəmin yaradıldı. Çünki onun artıq buna nə vəsaiti, nə də imkanı vardı. Havadarlarından nə az, nə çox 4-5 milyard dollar dəyərində silah alan bir ölkənin həm də mənəvi cəhətdən, el dili desək, burnu ovuldu. Azərbaycan xalqı bu tarixi Qələbəni Hərbi Qənimətlər Parkında nümayiş etdidirərək haqlı olaraq işğalçı dövlətə gözdağı verdi.

Cari ilin birinci rübünün yekunlarına həsr edilən müşavirədə  ölkəmizin iqtisadi göstəriciləri artıq fərəh və sevinc üfüqlərində şövqlə bərq vurmaqdadır. Real rəqəmlərə istinad edərək qürürla qeyd etməliyik ki, ümumi daxili məhsulumuz 6,8 faiz artmış, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox yüksəlmişdir. Habelə sənaye istehsalı sahəsində də yüksəliş 4 faizi ötmüş, qeyri-neft sənayesi istehsalı 18 faizin hüdudlarını keçmişdir. İnamla deməliyik ki, iqtisadiyyatı inkişaf edən ölkəmizi hərbi qələbələr addım-addım izləyir.

Bundan başqa, xarici ticarət dövriyyəsi 60 faizdən çox artmış, bu il ərzində xarici borcumuzu 600 milyon dollardan çox səviyyədə aşağıya salmışıq. Bütün bunlar ona əsas verir ki, düşmən caynağından azad olunmuş doğma ərazilərimizdə quruculuq-tikinti işləri sürətlə davam etdirilsin. Taxıl istehsalı, sahibkarlara məqsədyönlü verilən kreditlər, əkin sahələrin artırmış, şəhid ailələrinə, müharibə əlillərinə verilən maddi təminatların həcmi genişlənmişdir. Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənərək həmin bölgələrdə bərpa işlərinin miqyası böyük vüsət almışdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin də Baş planları hazırlanaraq təsdiq edilmişdir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda bütün bu işlərin həyata keçirilməsi üçün 2,2 milyard manat vəsait ayrılmışdır. Sevindirici haldır ki, tarix boyu heç vaxt adi torpaq yolları belə olmayan yerlərdə ötən il 700 kilometrə yaxın əsaslı, müasir tələblərə cavab verən asfalt yollar çəkilmişdir. Laçın şəhərindən keçən yeni alternativ yolun istifadəyə verilməsi də artıq gündəmdədir. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əməliyyatlar üçün nəzərdə tutlmuş yolların çəkilişi də  davam etdiriləcəkdir.

Onu da qeyd etməliyik ki, dünya ictimaiyyəti ermənilərin 30 il ərzində etdiyi cinayətlərin fəsadlarını zaman keçdikcə daha yaxından görür, eşidir və anlayır. İşğal zamanı tamamilə dağıdılmış və sıradan çıxarılmış nəhəng su anbrları, 1milyard 600 milyon kubmetr su ehtiyatı olan möhtəşəm Xudafərin su anbarının dağıdılması bəşəri bir cinayət sayılmalıdır. Çünki su dədə-babadan aydınlıq, paklıq, bərəkət, bolluq mənbəyi olmuşdur. Onu da qeyd etməliyik ki, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay su anbarlarına xor baxıb əl qaldıranlar təkcə Azərbaycan Ordusunun deyil, elə ulu Tanrının da qəzəbinə tuş gəldilər.

Qalib və Müzəffər Prezidentimiz möhtərəm İlham Əliyevin böyük iradəsi, tükənməz zəhməti ilə tarixi ədaləti bərpa edərək öz ərazilərini böyük fədakarlıqla erməni işğalçılarından azad edib, ona yeni həyat nəfəsi, tükənməz qüvvə verən Azərbaycan xalqı uğur və yüksəliş yollarında bundan sonra da inamla addımlayacaqdır.