YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsini əbədiləşdirən bulaq kompleksi açılıb

İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirmək məqsədilə Vətən Müharibəsi Qəhramanı, şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbin həyətində inşa edilmiş bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbin direktoru Aqil Muxtarov, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, rayon təhsil şöbəsinin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının şəkillərindən ibarət fotostendlərə baxış keçirilib.

Daha sonra Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətindən bəhs edib. RİH başçısı vurğulayıb ki, şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsi heç bir zaman unudulmayacaq. Bildirib ki, şəhidlərini xatirəsinə bulaq komplekslərinin inşa edilməsində əsas məqsəd Vətən qəhrəmanlarını gələcək nəsillərə tanıtmaqdır.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Vətən müharibəsinin bütün dünyaya səs saldığını deyib. Onun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaət bu gün hər kəs üçün nümunədir. H.Misirov bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində şəhidlərimizin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

Daha sonra çıxış edən şəhid ataları, Vətən müharibəsi iştirakçıları 44 günlük müharibədə şücaət göstərən Vətən oğullarının şərəfli döyüş yollarından danışıblar.

Sonda Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin və rayon 2 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər, musiqilər səsləndirilib.