YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçilik, azərbaycançılıq ideologiyasına sadiq sağlam gəncliyin banisi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Müasir dünyada dövlətlərin öz gələcək inkişafını uğurlu və sağlam şəkildə təmin etmək üçün uzaqgörən, müdrik liderə sahib olması çox önəmlidir. Bunun başlıca səbəbi informasiya axınının artan xətlə yüksəlməsi və nəticədə cəmiyyətlərin zərərli məlumatlara məruz qalaraq yanlış istiqamətə yönləndirilməsidir. Hansı xalqlar ki, zamanında tarixi gedişat edərək özlərinə əsl xalqın liderini seçməyi bacarıblar, onlar müasir dövrün çağırışlarından və sınaqlarından uğurlu keçmək iqtidarındadırlar.

Azərbaycan xalqı məhz həmin xalqdır ki, XX əsrin sonlarında toplanılan tarixi təcrübələrdən ən məntiqli və düzgün nəticə çıxarmış, öz gələcək inkişafını sağlam ideoloji əsaslara köklənərək hədəfləməyi bacarmışdır. Əslində bu məqamda tarix də öz nəvazişini göstərərək xalqımıza Ulu Öndər Heydər Əliyev kimi dahi lider bəxş etmişdir. Azərbaycan xalqı ona görə bəxtəvər xalqdır ki, onun Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyəti var.

90-ci illərin əvvəlində artıq XX əsrin bəlalarından təngə gəlmiş və yorulmuş Azərbaycanı 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın böyük təkidi və dəstəyi ilə hakimiyyətə gələrək dirçəltdi. İnsanların müxtəlif siyasi və məkirli oyunların qurbanı olduğu bir dövrdə bu xalqı bir yerə toplayaraq onu işıqlı sabaha ümidləndirmək məhz Ulu Öndər Heydər Əliyevin əvəzsiz zəhməti və öz xalqına bağlı sonsuz sədaqəti ilə birbaşa bağlıdır.

Bu gün Azərbaycanın vətənpərvər, sağlam düşüncəli və digər yüksək keyfiyyətlərə cavab verən gəncliyi var. Əlbəttə, bu cür gəncliyin yetişməsi də təsadüfi deyil. Bu, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1993-cü ildə hakimiyyətə döndükdən sonra dövlət quruculuğu işində əsas üstünlük verdiyi sahələrdən biri də məhz gənclərlə iş, dövlətin gənclərlə siyasətinin müəyyənləşdirilməsi və onun inkişafı idi. Məhz 1990-cı illərdə Azərbaycan gəncliyinin inkişafı istiqamətində atılan addımlar, yaradılan qanunvericilik bazası artıq 21-ci əsrdə Azərbaycan gəncliyinin fərd olaraq yetişməsi ilə nəticələndi. Ulu Öndərin öz çıxışlarında Azərbaycan gəncliyinin 20-ci əsrdə toplanmış tarixi təcrübələrə əsaslanaraq, 21-ci əsrdə Azərbaycanımızı irəliyə doğru apararaq onu inkişaf etdirəcəyini bildirməsi gələcək gənc nəsilin üzərinə çox böyük tarixi bir məsuliyyət qoyurdu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına necə əsl vətəndaş olmağı, necə öz ölkəsinə, dövlətinə xidmət etməyi öyrətdi. XX əsrdə toplanılan tarixi təcrübələrdən XXI əsrdə gənclərimiz istifadə edərək ölkəmizin uğurlu sabahını təmin edəcək deyən Ulu Öndər Azərbaycan xalqının davamçısı olan gənc nəsilə böyük tarixi istiqamət vermişdi. Hər bir hədəfin, əməlin əsasında Azərbaycanı inkişaf etdirmək və müstəqilliyimizi möhkəmləndirmək olmalı idi.

Zaman irəlilədikcə xalqımız Ulu Öndər Heydər Əliyevin dahilik əzəmətini, şəxsiyyət ucalığını daha dərindən anlayır və onu aydın şəkildə hiss edir. Vətəni, xalqı üçün ömrünü fəda edən, tariximizi şanlı səhifələrlə zənginləşdirən Ulu Öndər bizim milli iftixar mənbəyimizdir. Bu gün biz gənclər Heydər Əliyev siyasətinin uğurlu davamçısı İlham Əliyevin ətrafında sıx birləşərək, inamla gələcəyə addımlayır, Heydər Əliyevin bizə etibar etdiyi qüdrətli Azərbaycana öz töhfəmizi verməyə çalışırıq.