YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Vyetnamda anılıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cü ildönümü münasibətilə Vyetnam Simfonik Orkestri üzvlərinin ifasında klassik musiqi gecəsi keçirilib.

Azərbaycanın Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertdə Azərbaycanın məşhur bəstəkarlarının əsərləri ifa edilib. Konsertə tamaşa edənlər arasında Vyetnamın hakim partiya və parlament nümayəndələri, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının məsul əməkdaşları, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının, Azərbaycanın Elm, Mədəniyyət və Tarixi üzrə Mərkəzinin üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, beyin mərkəzlərinin və təhsil ocaqlarının başçıları, habelə jurnalistlər olub.

Səfir Anar İmanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında dolğun məlumat verərək, dünya şöhrətli siyasətçinin Azərbaycan tarixinin iki fərqli dövründə - Sovet İttifaqı illərində və müstəqillik zamanı ölkəmizə uğurla rəhbərlik etdiyini vurğulayıb. Xalqımızın Ümummilli Lideri cəsarətli qərarları ilə ölkəmizi unitar, qanuni, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu daha da möhkəmləndirməyə müvəffəq olub.

Səfir Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını həyata keçirməyə, müasir Azərbaycan dövləti qurmağa və xalqımızın müstəqillik arzularını gerçəkləşdirməyə nail olduğunu bildirib. O, güclü ordu yaratmaq və iqtisadiyyatı inkişaf etdirmək yolu ilə ölkənin möhkəmlənməsinə xüsusi diqqət yetirib, eyni zamanda, mədəniyyətin inkişafını, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini diqqətdə saxlayıb. Azərbaycan Ulu Öndərin hakimiyyəti dövründə dünyanın fəal və dinamik inkişaf edən dövlətlərindən birinə, habelə beynəlxalq birliyə tamhüquqlu üzv kimi inteqrasiya olunaraq beynəlxalq aləmdə tanınan, mövqeləri möhkəm olan və etibarlı tərəfdaşa çevrilib.

Diplomat görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan ilə Vyetnam arasında əlaqələrin qurulmasında və inkişafında əvəzolunmaz rol oynadığını vurğulayaraq, məhz Ümummilli Liderimizin 1983-cü ildə Vyetnama səfərinin iki xalq arasındakı zəngin tarixi keçmişə və səmimi dostluğa əsaslanan əlaqələrin təməlini qoyduğunu qeyd edib.

Prezident İlham Əliyev dahi Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini vurğulayan səfir, prezidentin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini bildirib, bu böyük qələbənin məhz Ulu Öndərin zamanında atılmış mühüm addımlar nəticəsində mümkün olduğunu deyib.

Qeyd olunub ki, Ermənistanın tamamilə dağıtdığı yüzlərlə şəhər və kəndin bərpasının çox vaxt və olduqca böyük maliyyə vəsaiti tələb etdiyinə baxmayaraq, ölkəmiz müvəffəqiyyətlə bu vəzifənin öhdəsindən gələrək, öz evlərini tərk etməyə məcbur edilmiş bir milyona yaxın azərbaycanlının tezliklə yurd-yuvalarına geri qayıtmasını təmin edəcək.

Vyetnam Kommunist Partiyasının üzvü, baş dövlət auditorunun müavini, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq The Vinh Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin bugünkü yüksək səviyyəsinin təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, Azərbaycanın təhsil ocaqlarını bitirən minlərlə vyetnamlının ölkəsinin müharibədən sonra keçdiyi son dərəcə mürəkkəb bərpa dövründə və hazırkı sürətli inkişafında fəal çalışdıqlarını məmnunluqla söyləyib.

Danq The Vinh Heydər Əliyevin adının Vyetnam xalqı tərəfindən dərin hörmətlə xatırlandığını və bu dünya səviyyəli siyasi xadimin ölkəsinə etdiyi dəstəyin Vyetnab xalqının yaddaşında əbədi həkk olduğunu diqqətə çatdırıb. O, Vyetnam xalqının Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlara sevindiyini bildirib.

Danq The Vinh Vyetnam ilə münasibətlərə böyük diqqət yetirdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü izhar edərək, 2013-cü ildə Azərbaycanın Hanoyda səfirliyinin təsis edilməsinin, 2015-ci ildə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının yaradılmasının, xüsusilə Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfərinin iki ölkə arasında münasibətlərinin inkişafına mühüm töhfələr verdiyini deyib. O, iki xalq arasında münasibətlərin möhkəmlənməsinə, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına Vyetnam tərəfinin səylərini əsirgəməyəcəyini vurğulayıb.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, habelə 1983-cü ildə keçmiş Sovet İttifaqı Nazirlər Şurası sədrinin birinci müavini qismində Vyetnama səfərini əks etdirən fotosərgi ilə tanış olub, videoçarxa baxıblar. Habelə səfirlik tərəfindən Vyetnam dilində nəşr etdirilən “Heydər Əliyev” adlı kitab tədbir iştirakçılarına təqdim olunub.