YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnamın bir daha sübutu

“Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular. Həmçinin Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız seçimində yanılmayıb və dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov söyləyib.

Vüsar İsmayılovun sözlərinə görə cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində uğurlu işlər görülüb. Prezident İlham nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi. Siyasi, iqtisadi imkanlarımız daha da genişləndi. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət strategiyasının nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi, artıq regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Tariximizə qızıl hərflərlə yazılmış zəfər tariximiz, qələbə salnaməmiz məhz dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və məqsədyönlü siyasətinin, peşəkar və qüdrətli ordu quruculuğu prosesinin nəticəsi idi. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu qalibiyyət ədalətin, eləcə də Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüququn təmin edilməsi idi. Artıq qürurla və fəxarətlə bəyan edirik ki, 30 illik Vətən, torpaq həsrətimizə son qoyulub, biz ata-baba yurdlarımıza qovuşmaqla yanaşı, milli qürurumuzu özümüzə qaytarmışıq. Sevindirici haldır ki, artıq həmin ərazilərimizdə quruculuq və abadlıq işləri çox böyük sürətlə davam etdirilir.

Rayon təşkilatının sədrinin sözlərinə görə tam əminliklə demək olar ki, xalq-iqtidar birliyinin qarşılıqlı inamı sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.