YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyimiz dinc və sabit olmalıdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin böyük rolu vardır. Belə ki, səfər çərçivəsində keçirilən görüşlərdə günün əsas çağırışları ilə bağlı geniş müzakirələr aparılır, hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsi vacib amil kimi önə çəkilir. Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı əsasdır. Qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verilir. Dövlət başçısı İlham Əliyevin oktyabarın 8-də Gürcüstana reallaşdırdığı işgüzar səfər bunun bariz nümunəsidir. Bu səfər ölkə Prezidentinin sayca 11-ci səfəri idi.

Möhkəm təmələ əsaslanan əlaqələrin inkişafı davamlılığı ilə diqqətdə olur. Mətbuata bəyanatlarında Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili münasibətlrimizin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd etdilər. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin qardaş Gürcüstanda da  geniş miqyas aldığı böyük məmnunluq hissi ilə diqqətə çatdırıldı. Dövlət başçısı İlham Əliyev Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun tarixindən geniş bəhs edərək bildirdi ki, Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar: “Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.”

Bu gün onların davamçıları əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə səy göstərir. Müstəqilliyin bərpasından sonrakı dövrə nəzər salsaq ölkələrimizin böyük inkişaf yolu keçdiyini böyük qürur hissi ilə qeyd edə bilərik. Cənab İlham Əliyev diqqəti qardaş ölkənin bugünkü inkişaf dinamikasına yönəldərək bildirdi ki, Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətinə bir daha heyran olur, eyni zamanda, gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm: “Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.”

Dövlət başçısı İlham Əliyevin elə bir səfəri, çıxışı yoxdur ki, Azərbaycan həqiqətlərindən bəhs olunmasın, harzırkı dövrün çağırışlarına diqqət yönəldilməsin. Bu fikir xüsusi qeyd edildi ki, Azərbaycan və Gürcüstanın çağırışları da, problemləri də eynidir. Bugünümüzün əsas çağırışı Cənubi Qafqazda davamlı sülhün təmin olunmasıdır. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra bölgədə davamlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Həmin vaxtdan 3 il keçməsinə baxmayaraq konkret nəticədən danışmaq mümkün deyil. Cənab İlham Əliyev bəyanatında bildirdi ki, əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər.

Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Ölkəmiz birtərəfli və qərəzli olmayan istənilən vasitəçiliyi və yardımı qəbul edir. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi: “Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.” Azərbaycan ədalətin və beynəlxalq hüququn tərəfində olan hər bir dövləti yanında görmək istəyir. Heç təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsini həqiqət anı kimi dəyərləndirdi. Bildirdi ki, tarixi Zəfərimiz kimin haqqın ədalətin, kimin təcavüzkarın, şərin yanında olduğunu nümayiş etdirdi.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, dost, qardaş, eyni zamanda, ədaləti və beynəlxalq hüququ apardığı siyasətin önündə saxlayan ölkələr Azərbaycana dəstəklərini göstərirlər. Ölkəmizin bugünümüz üçün əsas çağırışı budur ki, bu dəstəklər sözdə deyil, əməldə öz təsdiqini tapsın. Gürcüstanın Baş naziri bu çağırışı etdi: “Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.”