YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 21-ci Beynəlxalq İnşaat Sərgisi açılıb

Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində 21-ci Beynəlxalq İnşaat Sərgisi (BakuBulid 2015) açılıb.

Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov tədbiri açaraq ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf və tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib. Respublikada dayanıqlı, sabit inkişafın təmin olunduğunu vurğulayan nazir müavini deyib ki, dövlətin əsas prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafına dəstək verməkdir. Azərbaycanda biznes mühiti üçün hər cür şərait yaradılıb. Ölkədə tikinti sektorunun da sürətlə inkişaf etdiyini söyləyən N.Səfərov bildirib ki, bu sahədə daxili tələbatın yerli istehsalın hesabına ödənilməsi məqsədilə yeni müəssisələr açılır, tikinti materiallarının istehsalı genişləndirilir.

Qeyd olunub ki, 21-ci Beynəlxalq İnşaat Sərgisi regionda ən böyük sərgidir. Burada 160-a yaxın yerli şirkət özünün istehsal etdiyi çoxçeşidli məhsullarını nümayiş etdirir. Bu, xarici şirkətlərlə tərəfdaşlıq baxımından xüsusi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov sərginin ilbəil genişləndiyini, iştirakçıların isə sayının artdığını diqqətə çatdırıb. “Sərgidə dünyanın 30 ölkəsindən 530-dan artıq şirkətin təmsil olunması isə ilk növbədə ölkəmizə xüsusi maraqdan irəli gəlir”, - deyə sədr müavini bildirib.

Vurğulanıb ki, bu sərgi respublikamız üçün uğurlu bir ilə - ilk Avropa Oyunlarına təsadüf edib. Azərbaycan ilk Avropa Oyunlarının təşkilatçısı kimi öz potensialını nümayiş etdirərək, qısa zaman kəsiyində möhtəşəm idman qurğularını və müasir infrastruktur yaradıb. Bununla da Azərbaycan öz qüdrətini və dinamik inkişafını bütün dünyaya sübut edib.