Xəbərlər
“Konstitusiya müstəqilliyimizin və suverenliyimizin Zəmanətidir”
Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya müstəqilliyimizin və suverenliyimizin Zəmanətidir” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə “Şimal” Elektrik Stansiyasının inzibati binasının foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib və abidə önünə gül dəstələri qoyublar.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə “Şimal” Elektrik Stansiyasının inzibati binasında baş tutan tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının əhəmiyyətindən bəhs edilib. Qeyd edilib ki, bu qərar ölkəmizdə hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin və ölkənin bütün ərazilərində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpası tariximizdə qazanılmış ən parlaq Zəfərlərdən biridir. Qeyd olunub ki, bu gün qüdrətli Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla inkişaf edir, müstəqilliyinin 30 ilini geridə qoyan respublikamız qısa müddətdə regionun ən qüdrətli dövlətlərindən birinə çevrilib.
Bildirilib ki, çağdaş Azərbaycan tarixinə “Heydər Əliyev Konstitusiyası” kimi daxil olan Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin xalqa məxsusluğunun bəyan olunması, insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin dövlətin ali məqsədi kimi təsbit edilməsi ölkəmizin beynəlxalq aləmdə demokratik və hüquqi dövlət imicini daha da möhkəmləndirib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxs fəxri fərman ilə təltif edilib.
