YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam – Zəfərdən sonra yenidən doğulan şəhər

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Müzəffər Ali Baş Komandan İlham Əliyev

Ağdam – adı kimi aydın, taleyi kimi sarsıdıcı, ruhu kimi yenilməz bir şəhər. Onun adı qədim türk dillərində “kiçik qala” mənasını versə də, bu gün Ağdam həm də böyük qürurun, dirçəlişin və milli möhkəmliyin rəmzinə çevrilib. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət şəhərin adını və simasını müəyyənləşdirmişdi. O vaxtdan bəri Ağdam — günəşlə nurlanan “ağ ev”, mədəniyyətin və həyatın beşiyi kimi yaddaşlarda qalıb.

Arxeoloji tədqiqatlar sübut edir ki, Ağdam torpağı səkkiz min illik sivilizasiyanın izlərini ehtiva edir özündə. Üzərriktəpədə aparılan qazıntılar, tapılan qədim əkinçilik və maldarlıq izləri, mis dövrünə aid artefaktlar göstərir ki, bu torpaq Qafqazda ilk şəhər mədəniyyətlərindən birinin beşiyi olub. Buranın qədimliyi və zəngin tarixi, elə bil, hər qarışında insan əlinin, zəhmətin və yaradıcı ruhun nişanəsini daşıyır.

1993-cü il iyulun 23-də Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. 42 gün davam edən döyüşlərdən sonra Ağdamın 73 faizi işğal edildi. 128 min insan doğma yurdundan didərgin düşdü, 6 mindən artıq qəhrəman şəhid oldu. Çörək muzeyi, məktəblər, məscidlər, mədəniyyət evləri, sənaye müəssisələri – hamısı yerləyeksan edildi. Ağdam o zaman Qafqazın Xirosiması adlandırıldı. Ermənilərin törətdiyi dağıntılar təkcə şəhərin daşına, torpağına deyil, bir millətin yaddaşına vurulan yaraydı.

BMT-nin 853 saylı qətnaməsi, ATƏTin Minsk Qrupunun çağırışları, dünyanın sükutu... Hamısı o qanlı illərdə haqqın, ədalətin səssiz qaldığını göstərirdi. Lakin Azərbaycan xalqı sükut etmədi – o, illərlə qisasını, ədalətini, haqqını ürəyində daşıdı.

2020-ci ilin 20 noyabrı tarixin dönüş nöqtəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ağdamı döyüşsüz azad etdi. Bu, həm hərbi, həm siyasi, həm də mənəvi zəfər idi. 27 illik nisgilin yerini 27 illik qürur aldı. Azad olunduqdan sonra Ağdam sürətli yenidənqurma və quruculuq işlərinin mərkəzinə çevrildi. Prezident İlham Əliyevin 2022-ci ildə təsdiq etdiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı bu torpağın gələcəyini müəyyənləşdirən strateji yol xəritəsidir. Artıq şəhərdə beş məhəllə konsepsiyası üzrə tikinti işləri aparılır, yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. 2025-ci ilin oktyabrına qədər 825 ailənin – 3318 nəfərin doğma torpağına qayıdışı həyata keçirilib. Ağdam bu gün Böyük Qayıdış proqramının simvol şəhəri kimi dirçəlir.

 

İşğaldan azad olunan ilk illərdə burada əsası qoyulan Ağdam Sənaye Parkı artıq regionun iqtisadi mərkəzinə çevrilib. 190 hektarlıq ərazidə 28 sahibkarlıq subyekti fəaliyyət göstərir, 938 nəfər daimi işlə təmin olunub. Bu, sadəcə iqtisadi inkişaf deyil – Qarabağın həyat damarlarının bərpasıdır.

Mədəniyyətin paytaxtı kimi tanınan Ağdamda bu gün Muğam Mərkəzi, Zəfər Muzeyi, İşğal Muzeyi, İmarət Kompleksi, Şahbulaq qalası kimi dəyərlər yeni həyat qazanır. 474 yerlik konsert zalı, amfiteatr, muzeylər, məktəblər – hamısı bir məqsədə xidmət edir: Ağdamın ruhunu geri qaytarmaq.

Bu gün Ağdamda dəmir yolu, avtovağzal kompleksi, yeni yaşayış massivləri, məktəblər, mehmanxanalar, su anbarları və enerji infrastrukturu ardıcıl şəkildə istifadəyə verilir. Hər açılışda Prezident İlham Əliyevin sözlərindəki qətiyyət bir daha təsdiqlənir:

“Biz Ağdamı dirçəldəcəyik, bərpa edəcəyik, onu əvvəlkindən də gözəl edəcəyik.”

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr “Ağdam şəhəri günü” kimi qeyd olunur. Bu tarix təkcə bir şəhərin azadlığı deyil, Azərbaycan xalqının iradəsinin, mübarizəsinin və qürurunun bayramıdır.

Bu gün Ağdamda küləklər artıq dağıntıların səsi ilə deyil, yenidən qurulan həyatın nəfəsi ilə əsir. Və bu nəfəs – Zəfərin, Dirçəlişin, Böyük Qayıdışın səsidir.