YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası: 33 illik milli və siyasi güc”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “Moskva pr.67” (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 33 illik milli və siyasi güc” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov çıxışında bildirib ki,  Azərbaycanın müasir inkişaf yolunun əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və xalq-lider birliyi dayanır: “Müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı xaos və böhran dövlətçiliyin məhv olmaq təhlükəsini yaratmışdı. Belə bir mərhələdə 91 nəfər ziyalının  Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın nicat çağırışı idi. Bu müraciət milli məsuliyyətin təcəssümü olmaqla dövlətin gələcəyini qorumaq iradəsini ifadə edirdi. Ulu Öndər müraciəti böyük uzaqgörənliklə dəyərləndirərək xalqa arxalanan liderlik yolunu seçdi. Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının ideoloji təməlini formalaşdırdı”.

İ.Bayramov vurğulayıb ki, ölkənin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır və bu gün bu maraqlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur: “Partiya yaranan andan dövlətçilik düşüncəsinin bərpası, sabitliyin təmin edilməsi və milli maraqların qorunması uğrunda mübarizə apardı. Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin yenidən qurulmasını təmin etdi. Güclü idarəetmənin, mütərəqqi siyasi xəttin və milli həmrəyliyin əsası da məhz həmin dövrdə qoyuldu. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da müasirləşdi. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə çevrildi. Ordu quruculuğunda görülən işlər 2020-ci ildə Vətən Müharibəsində tarixi Zəfərlə nəticələndi. Bu Qələbə xalq-lider birliyinin təntənəsi idi. 2023-cü ildə suverenliyin tam bərpası dövlətçilik tariximizin yeni zirvəsi oldu”.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev diqqətə çatdırıb ki,  müstəqilliyin ən çətin çağlarında xalqın iradəsindən güc alan Yeni Azərbaycan Partiyası, dövlətçilik düşüncəsinin möhkəmlənməsində həlledici rol oynayan tarixi bir missiyanın daşıyıcısı kimi formalaşıb: “Ulu Öndər Heydər Əliyevin müdrik liderliyi və siyasi qətiyyəti partiyanın ideoloji əsaslarını müəyyən edərək onu milli inkişafın aparıcı qüvvəsinə çevirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti isə Yeni Azərbaycan Partiyasını modern dövlət quruculuğu prosesinin strateji mərkəzinə yüksəldib. Bu gün partiyanın 33-cü il dönümü həm siyasi yetkinliyin, həm də Azərbaycan dövlətçiliyinə sədaqətin parlaq təcəssümü kimi dəyərləndirilir”.

B. Nəbiyev söyləyib ki, Azərbaycanın müstəqillik yolunda atdığı ən mühüm addımlardan biri 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciətidir: “Yeni Azərbaycan Partiyasının yaradılması həmin müraciətin məntiqi davamı oldu. Partiyanın təsis konfransı dövlətçiliyin yenidən dirçəlişinin başlanğıc nöqtəsinə çevrildi. Yeni Azərbaycan Partiyası yaranan gündən milli maraqları müdafiə edən intellektual siyasi güc olaraq formalaşdı. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə dərin islahatların əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Bu gün cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da genişlənməkdədir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir”.

YAP Yasamal rayon təşkilatının sədri deyib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması, lokal xarakterli antiterror tədbirləri, suverenliyin tam bərpası və ən nəhayət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir. Bu nailiyyətlər ətrafında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf yolunun parlaq göstəricisidir.

Çıxış edən YAP Yasamal rayon “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov isə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması dövlət idarəçiliyi modelinin yenilənməsinə yol açdı. Partiya qısa müddətdə siyasi sistemin aparıcı qüvvəsinə çevrildi. Müəyyənləşdirilən bu siyasi xətt 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam və müasir dövrün tələblərinə uyğun şəkilə inkişaf etdirilir. Nəticə olaraq Azərbaycanın modern dövlət kimi dünyada mövqeləri daha da möhkəmlənməkdədir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib.